BİZNES

07 May

\"Azad edilmiş rayonlarda 3 hava limanının tikilməsi səmərəli olacaq”

Deputat Vüqar Bayramov işğaldan azad edilmiş rayonlarda üç beynəlxalq hava limanının tikilməsinin əhəmiyyətindən danışıb.

Fins.az-ın məlumatına görə, V. Bayramov qeyd edib ki, iqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq: “Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan turist səfərlərini asanlaşdıracaq.

Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımdan Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərən terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.