BİZNES

04 Fevral

Prezident İlham Əliyev: “Heç bir toxunulmaz sahibkar yoxdur, heç bir toxunulmaz məmur da yoxdur...”

Prezident İlham Əliyev dünən regionların inkişafına dair dövlət proqramının icrasının yekunlarına həsr edilmiş konfransdakı yekun çıxışı zamanı vergi və gömrükdə şəffaflığın təmin edilməsi barədə danışıb. Habelə iqtisadiyyatın kölgədən çıxarılmasının vacibliyindən bəhs edib.

-Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox! Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər.

Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz.