BİRJA

20 Sentyabr

İnvestisiya şirkətlərinin investisiya xidmətləri ilə bağlı YENİLİK

“İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən müştərilərlə elektron qaydada müqavilənin bağlanması və müştəri hesablarının (depo hesabı və marja hesabı) məsafədən açılması imkanı yaradılıb.

Fins.az xəbər verir ki,qaydada qiymətli kağızların yerləşdirilməsi üzrə anderraytinq xidmətinin birdən artıq investisiya şirkəti tərəfindən birgə təklif edilməsi imkanı müəyyən edilib. Bu dəyişiklik investisiya şirkətlərinin anderraytinq üzrə imkanlarının birləşdirilməsinə və ümumi emissiyaların məbləğinin artırılmasına imkan verəcəkdir. Həmçinin, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətinin verilməsi və digər investisiya xidmətlərinə dair tələblər beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilmişdir.

“Marja ticarəti Qaydası”na edilmiş dəyişikliklərə əsasən fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə peşəkar və institusional investorlara dair kredit hədlərinə yenidən baxılmış, peşəkar investorlar üzrə tələblər təkmilləşdirilmiş, adi investorlar üzrə isə kredit hədləri beynəlxalq standartlara uyğun olaraq fərq müqavilələrinin volatilliyi nəzərə alınmaqla differensiallaşdırılmışdır. Qaydada həmçinin foreks əməliyyatları üzrə investisiya şirkətlərinə dair informasiya texnologiyaları üzrə tələblər, investorların hüquqlarının müdafiəsi və risklərə dair məlumatlandırılması ilə bağlı mexanizmlər müəyyən edilmişdir.

Qaydalarla aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

//www.e-qanun.az/framework/48233

//www.e-qanun.az/framework/48234