BANK

28 Aprel

Elman Rüstəmovdan “Atabank” və “Amrah Bank”-ın bağlanması ilə bağlı AÇIQLAMA

"Biz Azərbaycanın dörd bankında müvəqqəti inzibatçılıq qərar qəbul etdik, onların idarəetməsini tam üzərimizə götürdük".

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Aztv-nin canlı efirində  deyib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən bu gün iki bankın lisenziyaları ləğv edilməsi ilə qərar qəbul edildi. Bunlardan biri "Atabank", digəri isə "Amrahbank"dır.

"Bildiyiniz kimi "AtaBank"da problemlər yaşanırdı. Mən dəfələrlə qeyd etmişdim ki, müəyyən şəraitdə əmanətlərin sığortalanması haqqında qanunun müddəti uzadılan kimi, biz bu problemi həll edəcəyik və əmanətçilərə şərait yaradacağıq ki, öz əmanətlərinə çıxış əldə etsinlər",- deyə E. Rüstəmov qeyd edib. 

Mərkəzi Bankın sədri bildirib ki, qeyd olunan bankların lisenziyalarının ləğvi bu bugünkü böhrandan qaynaqlanmır. 

"Bu bir az uzanmış problemdir. Bu heç neft qiymətləri ilə də bağlı problem deyil. Təbii ki, biz burada problemi görürdük və analiz aparırdıq. Maliyyə Sabitliyi Şurasında bu problem müzakirə olundu Mərkəzi Banka tövsiyyə edildi. Tövsiyyə əsasında biz iki bankda lisenziyanı geri aldıq. Çox qısa müddətdə çalışacağıq ki, oradakı əmanətçilər müəyyən prosedurlar həyata keçirildikdən sonra tez bir zamanda öz əmanətlərinə çıxış imkanı əldə edə bilsin. Qanunvericiliklə biz onları ölkənin  ən stabil banklarından birinə köçürəcəyik .Əhali orda öz əmanətlərini saxlaya da bilər yaxud nağd formada geri götürə bilər. Bu onların öz arzususu ilə olacaq",- deyə E. Rüstəmov əlavə edib.

AMB-nin sədri xüsusilə qeyd edib ki, bankların əmanətçilərinə əmanətlərin qaytarılması dövlət  büdcəsinin vəsaiti hesabına ödənilməycək. 

"Hər iki bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bütün banklar bu fonda üzvlük haqqı ödəyir.Vəsaitlər ödənilən üzvlük haqları hesabına əmanətçilərə ödəniləcək. Bu problem bankların konsalidasiya olunmuş öhdəliyinə daxildir. Qanunla əgər Əmanətlərin Sığortalanması Fondunda vəsait olmasa, onlar kredit üçün Mərkəzi Banka müraciət edir. Müvəqqəti kredit veriləcək.Yığılmış vəsait hesabına bağlanmış bankların aktivlərinin reallaşdılmasından əldə olunan vəsaitlər hesabına həmin vəsaiti geriyə Mərkəzi Banka ödəyəcək", - deyə E. Rüstəmov vurğulayıb.

Müəllif:Aynur Qəniyeva