AQRO

17 May

Qaxda sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülüb

Sel gətirən dağ çaylarının çoxluq təşkil etdiyi Qaxda sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülüb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən Fins.az-a verilən məlumata görə, Qax Suvarma Sistemləri İdarəsinin texnikaları bu işlər üçün səfərbər edilib. Hazırda Kürmük çayında məcra təmizləmə işləri həyata keçirilir. Bununla yanaşı rayon ərazisindən axıb keçən digər dağ çaylarında da bu işlər yerinə yetirilir. Ətraf ərazilərin sel sularından mühafizəsini təşkil etmək üçün daş-beton bəndlərin çəkilişi və təmiri də aparılır.
Selə qarşı mübarizə tədbirləri ilə bərabər Qax Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər də uğurla davam etdirilir. Suvarma suyunun əkin sahələrinə normal qaydada çatdırılmasını təmin etmək üçün suvarma kanalları mütəmadi olaraq lildən təmizlənir. Bundan başqa su itkisinin qarşısının alınması istiqamətində torpaq məcralı kanallar beton üzlüyə alınır.

Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr - Kürmük çayı, Qum çayı, Ləkit çayı ,Zərnə çayı, Qapıçay çayı, Duruca çayı və qaynama qara sularıdır.