AQRO

14 Aprel

Ağdamda heyvandarlıq məhsulları istehsalı artıb

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ilin birinci rübündə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsullarının istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.

Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, 2020-ci il aprelin 1-i vəziyyətinə rayonda 43 min 632 baş qaramal, 102 min 412 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artıb.

2020-ci ilin birinci rübündə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 1087,7 ton ət, 9455 ton süd, 3609 min ədəd yumurta istehsal edilib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,4 faiz, süd istehsalı 4,6 faiz, yumurta istehsalı 7,4 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2020-ci ilin üç ayında 1040 baş inək və düyə süni yolla mayalandırılıb, 595 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.