TƏHSİL

Mükafatlandırılan müəllimlər, başa çatan sənəd qəbulu – HƏFTƏNİN TƏHSİL İCMALI
07 OKTYABR
86

Mükafatlandırılan müəllimlər, başa çatan sənəd qəbulu – HƏFTƏNİN TƏHSİL İCMALI

2019-10-07 11:51:00

Fins.az Azedu.az-a istinadən ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftədə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə III tur başa çatdı

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə III tur başa çatıb.

 Məktəbəhazırlıq qruplarında dərslər başlandı

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verildi.

 Ötən həftədə “İlin gənc müəllimi” 2019 müsabiqəsinin qalibləri mükafatlandırıldı 

 Oktyarın 3-də Azərbaycan Respublikasının Milli Məclisində Milli Məclisin Gənclər və İdman Komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilən “İlin gənc müəllimi” 2019 müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi

Gənc müəllimləri əhatə edən müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverici faydalı işlər görən ən yaxşı müəllimləri üzə çıxarmaq və gənc müəllimlərin cəmiyyətə faydalı fəaliyyətlərini qiymətləndirərək onları daha da həvəsləndirməkdir.

Müsabiqə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Magistratura və rezidenturanın təhsil xərcləri artırıldı 

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

   Azərbaycanda ali məktəblərdə hüquqşünas və həkim ixtisasları üzrə təhsil xərcləri artırıldı

Bu il sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hüquqşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərci 23 faizə qədər artırılıb.

Bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Başqa sözlə, bu ixtisas üzrə bakalavriat səviyyəsində təhsilalanlara düşən təhsil xərci 1620 manatdan 2100 manata, magistratura səviyyəsində 1680 manatdan 2180 manata qaldırılıb.

Ali məktəblərin bakalavriat səviyyəsində müalicə işi və hərbi həkim işi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 17 faizə qədər artırılaraq 4500 manatdan 5400 manata çatdırılıb.  Tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci də 17 faizə qədər artırılıb və 4000 manatdan 4800 manata yüksəlib.

Həftənin təhsil informasiyaları

Ötən həftədə təhsil naziri ölkəmizə yeni təyin olunmuş səfir ilə görüşüb

Oktyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Ceyms Şarp ilə görüşüb.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Peşə məktəbinə sənəd qəbulu başa çatdı

Ötən həftədə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili mərkəzinə sənəd qəbulu  başa çatdı.

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 3 dəfədən çox artıb  

Son illərdə müəllimlərin aylıq vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb.

Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb.

2019-2020-ci tədris ili üzrə daha  30 min müəllimin  müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır