STATİSTİKA

Azərbaycanda orta maaş 581 manat oldu
14 İYUN
498

Azərbaycanda orta maaş 581 manat oldu

2019-06-14 15:41:00

2019-cu ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 581,2 manat olmuşdur.

Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən bildirilib. 

Müqayisə  üçün qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 538,8 manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə əməkhaqqı 42,4 manat və ya 7,9% artıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

2019-cu il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1 milyon 583,3 min nəfər olmuş, onlardan 895,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 687,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 21,2 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 12,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır