STATİSTİKA

Azərbaycanın sosial-iqtisadi göstəriciləri - I rüb, 2016
15 APREL
539

Azərbaycanın sosial-iqtisadi göstəriciləri - I rüb, 2016

2016-04-15 14:02:00

2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilmişdir. Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olmuşdur. Əlavə dəyərin 39,0 faizi sənayedə, 13,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 16,0 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olmuşdur. 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-mart aylarında 7,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Azalmaya səbəb xam neft hasilatının 1,5 faiz, qaz hasilatının 7,9 faiz, elektrik enerjisi istehsalının 6,7 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olmuşdur. 
Sənaye məhsulunun 63,3 faizi mədənçıxarma sektorunda, 28,7 faizi emal sektorunda, 7,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda məhsul istehsalı 1,2 faiz azalmışdır. 

Emal sektorunda qida məhsullarının istehsalı 2,3 faiz, tütün məmulatlarının istehsalı 87,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,2 dəfə, metallurgiya məhsullarının istehsalı 11,5 faiz, hazır metal məmulatlarının istehsalı 80,2 faiz, elektrik avadanlıqlarının istehsalı 2,3 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 18,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,4 dəfə artmış, içkilərin istehsalı 9,3 faiz, geyim istehsalı 14,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 78,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 18,7 faiz, kağız və karton istehsalı 17,2 faiz, poliqrafiya məhsullarının istehsalı 4,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,9 faiz, tikinti materiallarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların istehsalı 27,2 faiz, mebel istehsalı isə 16,9 faiz azalmışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,5 faiz azalmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,1 faiz artmış, neft sektorunda isə 1,3 faiz azalmışdır.  İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2016-cı il vəziyyətinə 336,2 milyon manatlıq hazır məhsul olmuşdur. 

Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və aprel ayının 1-nə kimi 120,0 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 8,5 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 1,9 min hektar sahədə qarğıdalı (ondan 1,8 min hektarı dən üçün), 28,0 min hektar sahədə kartof, 25,4 min hektar sahədə tərəvəz, 4,8 min hektar sahədə bostan bitkiləri, 3,6 min hektar sahədə şəkər çuğunduru, 1,3 min hektar sahədə dən üçün günəbaxan, 1,2 min hektar sahədə pambıq, 45,0 min hektar sahədə çoxillik otlar və 0,3 min hektar sahədə birillik otlar əkilmişdir. 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 17,7 min baş çoxalaraq 2719,6 min başa, qoyun və keçilərin sayı 43,6 min baş çoxalaraq 8828,0 min başa çatmışdır. Bu dövrdə diri çəkidə ət istehsalı 1,8 faiz artaraq 111,8 min ton, süd istehsalı 3,2 faiz artaraq 440,9 min ton, yumurta istehsalı 4,3 faiz artaraq 407,0 milyon ədəd olmuşdur. 

İlin əvvəlindən 15,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 16,0 faiz çox tərəvəz toplanmışdır. 
2015-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,7 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 9,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artmışdır. 

2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2876,8 milyon manat məbləğində vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitin 2529,7 milyon manatı və ya 87,9 faizi məhsul istehsalı obyektlərinin, 222,1 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 125,0 milyon manatı (4,4 faizi) isə ümumi sahəsi 334,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 900,9 milyon manatını və ya 31,3 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 2013,4 milyon manatı və ya 70,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 

Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-mart aylarında 48,1 milyon ton yük və 437,3 milyon sərnişin daşınmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 4,6 faiz azalmış, sərnişin daşınması isə 1,7 faiz artmışdır. Yük daşınmasında müşahidə olunan gerilik dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olmuşdur. 
Yüklərin 58,5 faizi avtomobil, 31,8 faizi boru kəməri, 7,0 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınmışdır. 

Sərnişinlərin 87,9 faizi avtomobil, 11,9 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınmışdır. 
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 372,8 milyon manatlıq xidmətlərin 71,6 faizi əhali sektoruna aid olmuşdur. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin həcmi 8,9 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. 

2016-cı ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6793,4 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 1784,6 milyon manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunmuş gəlir 2,4 faiz artmış, ticarət şəbəkəsində 3429,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3363,5 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 2203,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 1223,4 milyon dollarını və ya 55,5 faizini ölkədən ixrac olunmuş məhsullar, 979,9 milyon dollarını (44,5 faizini) isə idxal məhsulları təşkil etmiş, ixracın idxalı üstələməsi nəticəsində 243,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 30,0 faiz, o cümlədən ixrac 20,6 faiz, idxal isə 42,7 faiz azalmışdır. Ticarət dövriyyəsinin 46,3 faizi Avropa İttifaqı ölkələrinin, 12,0 faizi MDB üzvü ölkələrinin, 41,7 faizi isə digər ölkələrin payına düşmüşdür.

İdxal olunmuş məhsulların dəyərinin 31,7 faizi Avropa İttifaqı ölkələrinin, 17,6 faizi MDB üzvü ölkələrinin, 50,7 faizi isə digər ölkələrin payına düşmüşdür.

İxrac edilmiş məhsulların 58,0 faizi Avropa İttifaqı ölkələrinə, 7,5 faizi MDB üzvü ölkələrinə, 34,5 faizi isə digər ölkələrə göndərilmişdir. 2016-cı ilin yanvar-fevral aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrünə nisbətən 46,4 faiz azalaraq 174,3 milyon dollar təşkil etmişdir.

2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz artmışdır.

2016-cı ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 472,2 manat təşkil etmişdir.

2016-cı ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 10303,5 milyon manata çatmışdır. Gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 7,0 faizi isə yığıma yönəldilmişdir.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinə 3678,1 milyon manat vəsait daxil olmuş, büdcədən 2623,5 milyon manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 1054,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 8,4 faizi səviyyəsində olmuşdur.

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin mart ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 20327,4 milyon manat təşkil etmiş, onun 15565,9 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Kredit portfeli 2015-ci il mart ayının 1-i ilə müqayisədə 1,8 faiz azalmışdır. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,5 faizini təşkil etmişdir.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il mart ayının 1-nə 8077,3 milyon manat təşkil etmişdir.

Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,60 manata (ilin əvvəlindən 1,59 manata), 1 Avroya – 1,79 manata (1,75), 100 Rusiya rubluna – 2,28 manata (2,12) bərabər olmuşdur.

2016-cı ilin yanvar-fevral aylarında əhalinin sayı 17,9 min nəfər və ya 0,2 faiz artaraq 2016-cı il mart ayının 1-i vəziyyətinə 9723,5 min nəfərə çatmışdır.

Göstəricilər 2016-cı ilin yanvar-mart ayları, faktiki, milyon manat 2016-cı ilin yanvar-mart ayları 2015-сi ilin yanvar-mart aylarına nisbətən, faizlə Məlumat üçün:
2015-ci ilin yanvar-mart ayları 2014-сü ilin yanvar-mart aylarına nisbətən, faizlə
Ümumi daxili məhsul, milyon manat 12 588,7 96,5 105,3
o cümlədən qeyri-neft ÜDM 8 240,4 94,3 107,0
Əhalinin hər nəfərinə düşən ÜDM, manat 1 311,6 95,3 104,0
Sənaye məhsulu, milyon manat 6 991,7 99,4 103,9
o cümlədən qeyri-neft sənayesi 1 976,6 105,1 109,0
Əsas kapitala yönəldilmiş vəsaitlər, milyon manat 2 876,8 65,8 103,0
o cümlədən tikinti-quraşdırma işlərinə 2 013,4 67,5 114,5
Kənd təsərrüfatı məhsulu, milyon manat 643,6 102,7 103,4
o cümlədən: bitkiçilik 12,9 109,2 105,9
heyvandarlıq 630,7 102,5 103,3
Nəqliyyat sektorunda yük daşınması, milyon ton 48,1 95,4 102,6
Nəqliyyat sektorunda sərnişin daşınması, milyon sərnişin 437,3 101,7 103,8
İnformasiya və rabitə xidmətləri, milyon manat 372,8 108,9 109,3
Pərakəndə ticarət dövriyyəsi, milyon manat 6 793,4 103,4 109,6
Əhaliyə göstərilən ödənişli xidmətlər,milyon manat 1 784,6 102,4 105,3
Dövlət büdcəsinin gəlirləri, milyon manat 3 678,1 93,4 87,9
Dövlət büdcəsinin xərcləri milyon manat 2 623,5 62,6 95,8
Dövlət büdcəsinin profisiti, milyon manat 1 054,6 - -
Əhalinin gəlirləri, milyon manat 10 303,5 109,0 105,3
Əhalinin hər nəfərinə düşən gəlirlər, manat 1 073,5 107,7 104,0
Əhalinin banklardakı əmanətləri, 2016-cı il 01 mart vəziyyətinə, milyon manat 8 077,3 101,8 120,3
Kredit qoyuluşları, 2016-cı il 01 mart vəziyyətinə, milyon manat 20 327,4 98,2 132,1
o cümlədən vaxtı keçmiş kreditlər 1 329,5 116,8 136,9
Orta aylıq əmək haqqı, manat 472,2x) 106,2xx) 104,3xxx)
İstehlak qiymətlərinin indeksi x 110,8 102,8
Əhalinin sayı, 2016-cı il 01 mart vəziyyətinə, min nəfər 9 723,5 101,2 101,2
Statistika məlumatı1)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 2 829,4x) 81,1xx) 116,4xxx)
o cümlədən: ixrac 1 849,5x) 95,0xx) 110,5xxx)
idxal 979,9x) 57,3xx) 142,2xxx)
Gömrük məlumatı2)
Xarici ticarət dövriyyəsi, milyon ABŞ $ 2 203,3x) 70,0xx) 125,6xxx)
o cümlədən: ixrac 1 223,4x) 79,4xx) 120,4xxx)
ondan qeyri-neft ixracı 174,3x) 53,6xx) 172,5xxx)
idxal 979,9x) 57,3xx) 142,2xxx)

Qeyd: 

x) 2016-cı ilin yanvar-fevral ayları. 
xx) 2016-cı ilin yanvar-fevral ayları 2015-ci ilin yanvar-fevral aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə faktiki, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə). 
xxx) 2015-ci ilin yanvar-fevral ayları 2014-cü ilin yanvar-fevral aylarına nisbətən (orta aylıq əmək haqqına münasibətdə faktiki, xarici ticarət dövriyyəsinə münasibətdə isə müqayisəli qiymətlərlə). 
1) Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyərinə dair məlumatlar nəzərə alınmaqla. 
2) Hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272