SOSİUM

Qəbələdə reabilitasiya müəssisəsi tikiləcək
12 APREL
275

Qəbələdə reabilitasiya müəssisəsi tikiləcək

2019-04-12 14:54:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qəbələ rayonunda Qəbələ, Şəki və Oğuz rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Nazir vətəndaşlarla görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir, eyni zamanda, dövlət başçısının cari ildə imzaladığı yeni fərman və sərəncamlarla sosial sahədə əldə olunan ciddi irəliləyişlər, həmçinin, pensiyanın minimum məbləğində, müavinət və təqaüdlərdə edilən ciddi artımlar barədə məlumat verib.

Qəbula gələn vətəndaşlar bu gün ölkədə aparılan siyasətin ilk növbədə vətəndaş rifahına xidmət etməsindən, bu siyasətin əsasında sosial ədalət və humanizm prinsiplərinin dayanmasından razılıqla söz açıblar. Onlar bu siyasətə, ardıcıl xarakter alan mühüm sosial müdafiə tədbirlərinə, regionların inkişafı, bölgələrdə yeni iş yerlərinin açılması və məşğulluq imkanlarının artırılması  məqsədilə atılan əhəmiyyətli addımlara görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Vətəndaşların sosial təminat, əlilliyin qiymətləndirilməsi, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, bərpa müalicəsi xidmətləri və reabilitasiya vasitələri ilə təmin edilmə və s. kimi məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə ifadə olunan məsələlərin hər biri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb, qaldırılan məsələlərin həlli üçün qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar, bir sıra şəxslərin müraciətləri əsasında onlara ərazidəki vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslərin mövcud potensialları müqabilində özünüməşğulluq proqramına, əlilliyi olan şəxslərin bərpa müalicəsi xidmətlərinə cəlb edilməsi üçün onların qeydiyyata alınması tapşırılıb.

S.Babayev 2019-cu il ərzində nazirliyin bir sıra regional reabilitasiya müəssisələrinin, o cümlədən Şəki şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa  Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışının, eyni zamanda, bu il Qəbələ rayonunda reabilitasiya müəssisəsinin tikintisinə başlanmasının nəzərdə tutulduğunu deyib. Nazir bu üç rayon üzrə 2018-ci ildə 300-ə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, cari ildə də bölgədə proqram çərçivəsində aztəminatlı ailələr üçün yeni təsərrüfatların yaradılacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265