SOSİUM

Şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər sərtləşdirilir
12 MART
174

Şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinə dair tələblər sərtləşdirilir

2019-03-12 15:40:00

Şəhərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə aparılmalıdır.

Fins.az-ın məlumatına görə, bu, “Su təchizatı və tullantı suları haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihədə qeyd edilir ki, istehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirini qiymətləndirilməsi aparılacaq. Kanalizasiya müəssisəsi ümumi istifadədə ola kanalizasiya sisteminə obyektdən axıdılan tullantı sularının tərkibini nəzarətdə saxlamaq məqsədilə bu obyektlərdə müntəzəm olaraq müşahidə aparacaq. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur. Lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantıların həddi, buraxıla bilən axıntı həddi, ekoloji pasport), ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, müvafiq dəyişikliklər ediləcək.

İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi aparılmalıdır. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində fəaliyyət göstərən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların trans-sərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərin trans-sərhəd təsirinin qiymətləndirilməsi məsələləri Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll ediləcək.

Eyni zamanda su təchizatı və kanalizasiya obyektlərinin layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılacaq.

Qanun layihəsi sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264