SOSİUM

Fərdi qaydada fəaliyyət göstərən vəkillərlə bağlı vacib qərar
28 SENTYABR
291

Fərdi qaydada fəaliyyət göstərən vəkillərlə bağlı vacib qərar

2018-09-28 14:36:00
Sentyabrın 27-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən son dövrlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verilib, habelə vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilib.

Həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbi nəzərə alınmaqla, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən ilk dəfə olaraq, regionlarda və Bakıda fərdi qaydada fəaliyyət göstərən vəkillərin dövlət hesabına hüquqi yardımla bağlı növbətçiliyə cəlb olunması barədə qərar qəbul olunub. 

Bununla bağlı, növbəti ay üçün fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik cədvəli Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsinin “Elanlar” bölməsində dərc olunacaq. 

Qeyd edək ki, vəkil qurumu olmayan və fərdi vəkil sayı az olan regionlarda növbətçilik cədvəli üzrə növbədə olan vəkil üzrlü səbəbdən növbətçilik vəzifələrini yerinə yetirə bilmədikdə onun yerinə digər vəkilin növbətçilik qaydasında məhkəmə və hüquq-mühafizə orqanlarının çağırışlarına getməsinin zəruriliyi bildirilib.

İclasda həmçinin “Vəkil orderi və order markası haqqında” Əsasnamənin layihəsi müzakirəyə təqdim edilib və müvafiq əlavə və dəyişikliklər edilməklə adı çəkilən sənədin 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minməsi barədə qərar qəbul olunub.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul edilib. Belə ki, Tovuz rayonunda yeni vəkil bürosu, o cümlədən Bakı şəhərində “İsmayılbəyli və partnyorları”, “Femida”, 21 və 22 saylı vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılmış və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunub.

Eləcə də bax:http://fins.az/sosium/957687/dovlet-qurumlarinda-imtahan-heyacani.html

Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərilməsi və vəkilliyə qəbul üzrə müraciətlərə baxılmış, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.

İclasda vəkillər barəsində başlanılmış 15 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, vəkillik haqqında qanunvericiliyin tələbini pozduğuna görə bir vəkilin fəaliyyətinin dayandırılması və onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması barədə məhkəməyə müraciət edilməsi ilə bağlı qərar qəbul olunub. 
On bir iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib və bir intizam işi üzrə icraat eyni məzmunlu şikayət ilə bağlı hüquq-mühafizə orqanında araşdırma aparılması əsası ilə dayandırılıb. İki intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Sonda Kollegiyanın fəaliyyətinə dair sair məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255