SOSİUM

Yaşıllıq salmaq istəyənlərə müjdə – PULSUZ TİNGLƏR
22 İYUN
386

Yaşıllıq salmaq istəyənlərə müjdə – PULSUZ TİNGLƏR

2018-06-22 15:03:00

Hər hansı ərazidə yaşıllıq salmaq istəyən insanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəcəkləri zaman onlara ağacların əkilməsi üçün pulsuz olaraq tinglər veriləcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, belə yaşıllıqların salınması üçün sakinlərin nazirliyə fərdi şəkildə deyil, qrup şəklində müraciət etməsi lazımdır, müraciətlərin qəbuluna payız aylarından başlanılması nəzərdə tutulur.

U.Tağıyeva bildirib ki, bir necə dəfə ağacları kəsmək istəyən sahibkarların onları süni şəkildə qurutması ilə bağlı hallar qeydə alınıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ağacın kəsilməsi ilə bağlı dəyən zərər 1000 manatı keçdiyi halda, bu, artıq cinayət tərkibli əməl sayılır və bununla bağlı iş ETSN tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilir.

O, ağac kəsilməsi hallarının daha çox gecə saatlarında qeydə alındığını da söyləyib: "Təbiətə, yaşıllığa israfçılıq prizmasından baxılması artıq dünyanın heç bir nöqtəsində qəbul edilmir. Bizdə də bu proses gedir, ətraf mühitə tədricən qayğıkeş münasibət formalaşır. Amma təəssüf ki, bəzən yaşıllıqlara qarşı biganə, sevgisiz münasibətin də şahidi oluruq. İnsanların ətraf mühitə, yaşıllıqlara münasibətinin dəyişdirilməsi üçün media nümayəndələrinin və ictimaiyyətin dəstəyinə böyük ehtiyacımız var. Hesab edirik ki, yaşıllıqlara qarşı zərərverici münasibət göstərənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməli, onların biganəliyi ağaclara sevgi ilə əvəzlənməlidir. Uşaqdan böyüyədək yaşıllığın qorunmasına münasibət dəyişməli, hər bir ağaca dəyər verilməli və məhəbbət göstərilməlidir. Bu mətbuat konfransında da məqsədimiz odur ki, məhz sizlərin köməyi ilə buna nail olaq. Bilirsiz ki, bir ağacın yetişdirilməsi üçün minimum 30 il vaxt tələb olunur, lakin bəzən etinasızlıq edilir, ağaclar kəsilir və təsəvvür edin ki, illərlə çəkilmiş zəhmət bir an içərisində heç olur".

İ.İbrahimova bildirib ki, əsasən paytaxtda bəzi sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz ağac kəsintisinə yol verilir: "Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi ərazilər nəzərə alınmır. Ona görə də bu sahədə həm güclü təbliğat işinin aparılmasına, digər tərəfdən də tələbkarlığın, yəni yaşıllıqların mühafizəsi sahəsində mövcud qanunvericilikdə dəyişikliklərin edilməsinə və daha sərt sanksiyaların tətbiqinə ehtiyac var. Bu balans, bu tarazlıq saxlanılmalıdır".

ETSN rəsmisi əlavə edib ki, son vaxtlar ayrı-ayrı vətəndaşlar və KİV nümayəndələri tərəfindən yaşıllıqların mühafizəsinə diqqət artıb: "Bu da sevindiricidir. Vətəndaşlar tərəfindən olunan operativ müraciətlər nəticəsində bir sıra ərazilərdə ağacların kəsilməsinin qarşısı alınıb. Nazirlik belə müraciətləri müsbət dəyərləndirir və bu işdə bütün ictimaiyyəti fəal, yaşıllığa qarşı qayğıkeş və həmrəy olmağa çağırır. Lakin istərdik ki, hər kəs, hər bir vətəndaş ağac kəsilməmişdən öncə onun qarşısının alınması üçün operativlik göstərərək dərhal Nazirliyə məlumat versin. Bir daha xatırladırıq ki, Nazirliyin 168 nömrəli "Qaynar xətt"i 24 saat ərzində fəaliyyət göstərir. Vətəndaşlarımızdan xahiş edirik ki, hasara alınmış sahələrdə, tikinti yerlərində və digər ərazilərdə kəsilmək təhlükəsi olan ağacları qorumaq üçün nazirliyin "Qaynar xətt"inə məlumat versinlər. İnanırıq ki, bu cür qarşılıqlı əməkdaşlıq şəraitində yüzlərlə ağacı kəsilmədən xilas edə bilərik".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268