SOSİUM

Quba Soyqırımı Memorial Kompleksində yenidənqurma işləri aparılır
12 FEVRAL
237

Quba Soyqırımı Memorial Kompleksində yenidənqurma işləri aparılır

2018-02-12 14:46:00

"Quba Memorial Kompleksində yenidənqurma tədbirləri davam etdirilir".

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Quba Soyqırımı Memorial Kompleksində vəziyyətin araşdırılması üzrə komissiyanın üzvü, akademik İsa Həbibbəyli bildirib.

O qeyd edib ki, Quba Soyqırımı Memorial Kompleksində yaranmış vəziyyətin araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin 5 iyun 2016-cı il tarixli sərəncamı ilə təşkil olunmuş Komissiyasının hazırlayıb təqdim etdiyi təkliflər əsasında artıq bir sıra mühüm tədbirlər həyata keçirilib.

“İlk növbədə onu qeyd etmək istərdim ki, vaxtilə erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirilərək qeyri-insani şəkildə toplu məzarlara doldurulmuş tarixi məzarlıqda müəyyən yenidənqurma işləri aparılıb, azərbaycanlılarla yanaşı digər millətlərə aid olan buradakı insan sümükləri milli və dini adətlərə uyğun olaraq torpağa basdırılıb, qorunmaq üçün məzarlığın üstü örtülüb. Hazırda Quba məzarlığı ətrafında müəyyən abadlıq işləri aparılmaqdadır”, - deyə o vurğulayıb.

İ. Həbibbəyli həmçinin bildirib ki, Quba məzarlığına 1918-ci ilin qanlı hadisələrini əks etdirən Memorial lövhə vurulması və burada rəmzi abidənin ucaldılması da nəzərdə tutulur: “Müvafiq təşkilatlar memorial lövhənin və rəmzi abidənin hazırlanması üzərində iş aparırlar. Bu işlərin mart ayının əvvəllərinədək başa çatdırılması planlaşdırılır. Azərbaycanlıların Soyqırımı günlərində Quba məzarlığında abidənin ucaldılması və Memorial lövhənin vurulması rəsmi mərasimlə həyata keçiriləcək. Mərasimdə dövlət nümayəndələrinin və geniş ictimaiyyətin, din xadimlərinin iştirakı nəzərdə tutulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259