SOSİUM

Qərb Universitetinin professoru ABŞ-Azərbaycan münasibətlərini tədqiq edib – MÜSAHİBƏ
13 İYUL
167

Qərb Universitetinin professoru ABŞ-Azərbaycan münasibətlərini tədqiq edib – MÜSAHİBƏ

2017-07-13 11:15:00

Qərb Unviersitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyeva yarım ildən artıqdır ki, Harvard Universitetində apardığı tədqiqat işini bu günlərdə tamamlayaraq vətənə dönüb. Onunla ABŞ-Azərbaycan münasibətlərindən, iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən, perspektivlərindən, eləcə də bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışmışıq.

- Bu yaxınlarda ABŞ-dan qayıtmısınız. Harvard Universitetində tədqiqat işləri aparırdınız. Tədqiqat işiniz hansı mövzuya aid idi?

- Mənim Harvard Universitetindəki tədqiqat işimin mövzusu “Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti” idi. Bununla belə, təbii ki, mən Harvardda olmağımdan maksimal yararlanmaq arzusu ilə paralel olaraq əsas tədqiqat istiqamətim olan siyasət nəzəriyyəsi üzrə araşdırmalarımı da apardım.

- ABŞ-ın Azərbaycanla bağlı siyasi kursu daim maraq kəsb edib. İndiki beynəlxalq siyasi münasibətlər çərçivəsində bu məsələ xüsusilə aktualdır. ABŞ-ın Azərbaycan siyasətini bu gün necə xarakterizə etmək olar?

- Bəllidir ki, ABŞ-Azərbaycan münasibətləri son illərdə xeyli gerilədi. 2012-ci ildən sonra hətta nazirlər səviyyəsində də rəsmi səfərlər olmayıb. Münasibətlərdə öncə böhran, sonra isə davamedici bir durğunluq yaşandığı aydındır. Münasibətlərin bu yeni situasiyaya keçməsi ərəfəsində hansı tərəfin hansı addımları atmış olması və bizim geosiyasi strateji xəttimiz, məqsədyönlü fəaliyyət prinsiplərimiz heç də bu münasibətlərdə və ya ABŞ-ın Azərbaycan və regionla bağlı strategiyasında müəyyənləşdirici deyil. Yəni, yanılmaq olmaz. Unutmayaq ki, ABŞ supergüc olaraq digər ölkələrlə olduğu kimi Azərbaycanla da münasibətlərində dominant rola malikdir. Hazırkı vəziyyət isə onun xarici siyasət strategiyasının özünəməxsus supergüc tərzinə müvafiq olaraq seçdiyi, bir dövlət üçün qısa müddətə statik görünən, region üçün isə uzun müddətə ləng dinamik olan qlobal siyasi kursun kiçik bir parçasıdır. Yəni, ABŞ-ın ayrılıqda Azərbaycan siyasətindən danışmaq çətindir. Azərbaycan ABŞ üçün post-sovet məkanının bir parçasıdır və post-sovet məkanı bütövlükdə Qərb üçün, Qərbin vizyonunda iki yerə ayrılır: Şərqi Avropa - buraya Şərq Tərəfdaşlığı ölkələri daxildir və Orta Asiya. ABŞ bütün post-sovet ölkələrinin suverenliyində maraqlıdır. Bu, onlara münasibətin ümumi elementidir və hər birinə münasibətdə xüsusi elementlər də var. Lakin bu xüsusi elementlər (enerji, din, coğrafi-strateji və s. amilləri əxz edən) bəzən yerlərdə yanılmalara yol aça bilir. Belə ki, həmin xüsusi elementlər, onların iştirakı ilə müşayiət olunan cari taktiki addımlar və siyasi aktlar və yaxud statik münasibətlər və ya müvəqqəti dinamik olan qarşılıqlı əməkdaşlıqlar həmin ölkələrin perspektivi ilə bağlı vizyonlara da tam fərqli yanaşma demək deyil. Bu mənada, ABŞ-ın Azərbaycan siyasəti post-sovet ölkələrilə ümumi, enerji imkanları ilə xüsusi və Şərq Tərəfdaşlığı ölkələrilə birgə regional xüsusiyyətlərə əsaslanır.

- Supergüc və ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi də olduqca əhəmiyyətlidir. Sizcə, okeanın o biri tayında, daha konkret – Ağ Evdəkilər bu məsələnin həllində nə qədər səmimidirlər? Və sualın davamı olaraq: Bu münaqişənin həlli üçün Rusiyaya nə qədər təsir gücündədirlər?

-ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsl məğzi biz azərbaycanlılara bəllidir - status-kvonu qorumaq. Bu məsələdə hər üç həmsədr arasında konsensus olduğu aşkardır. Amma hansı böyük qlobal və regional dəyişiklikərə qədər status-kvo saxlanmalıdır? Burada həmsədrlər, təbii ki, fərqli niyyətləri güdürlər. ABŞ üçün ayrılıqda Azərbaycan siyasəti olmadığı kimi, ayrılıqda Dağlıq Qarabağ münaqişəsi də yoxdur. Post-sovet məkanının münaqişələri var. Buraya Ukrayna, Gürcüstan və Moldovanın düçar olduğu münaqişələr də daxildir. Bütün bunlar ABŞ-ın Rusiya siyasəti fonunda gedən proseslərdir. Bu münaqişələrin həllində ABŞ və ümumiyyətlə, Qərb maraqlıdır. Lakin münaqişələrin həlli böyük qlobal nizamlanma deməkdir ki, onun reallaşması ilə bağlı Rusiya və Qərbin vizyonları bir-birinə ziddir və bu reallaşma qısa müddət üçün statik görünən, uzun müddət üçün isə ləng, lakin dinamik olan bir prosesdir.

- Azərbaycan ABŞ-la enerji təhlükəsizliyi və antiterror əməliyyatlarında da sıx şəkildə əməkdaşlıq edir. Dünyanın enerji xəritəsinin yenidən şəkilləndirildiyi, eləcə də terrorun beynəlxalq sabitliyi ciddi şəkildə təhdid etdiyi hazırkı mərhələdə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri necə görünür?

- Azərbaycan ABŞ-a antiterror əməliyyatlarında hər zaman dəstək göstərib. 2014-də Əfqanıstanda müharibənin rəsmən bitməsi, oradakı əməliyyatların əsaslı şəkildə səngiməsi və Orta Şərqin, xüsusilə də Suriyanın qlobal güclərin münaqişə meydanına çevrilməsilə Azərbaycanın bu sferadakı gərəkliliyi də azaldı. Hazırda Azərbaycan yalnız Avropanın enerji təhlükəsizliyindəki rolu ilə müəyyən maraq kəsb edir. Bunu da çox böyüdərək özümüzü yanıltmayaq. Əgər Avropa İttifaqı və onun aparıcı dövləti olan Almaniya Azərbaycanla münasibətlərində onun enerji dövləti kimi rolunu önə çıxararaq arzuolunan səviyyədə dəyərləndirmirsə, ABŞ Avropanın enerji təhlükəsizliyinə görə bunu edəcəkmi? ABŞ-la, o cümlədən Avropa ilə münasibətlərimizi sadəcə bu günün mənzərəsindən və bizim malik olduğumuz xüsusi elementlərdən çıxış etməklə yox, qlobal siyasi proseslərin istiqamətlərini düzgün analiz edərək, qlobal faktorların hədəflərini və region üçün vizyonlarını öyrənərək, uzunmüddətli regional-qlobal perspektivləri obyektiv düşünərək qurmalıyıq.

- Bir qədər də Harvard Universiteti haqqında. Müşahidələriniz gözləntilərinizlə, təsəvvürlərinizlə səsləşdimi?

- Harvard Universiteti adi bir universitet deyil. Hər bir şeyi ilə müqayisəyə gəlməz. Akademik səviyyədə meyar və standart yaradan bir ünvandır. Harvardda olmaq - dünyada mövcud olan bütün informasiyanın - kitabların, jurnalların, məqalələrin, arxivlərin əlinin altında olması deməkdir. Bir çox anlamlarda onu bir dövlətə bənzətmək olar. Amma o, həm də bir aysberqə bənzəyir. Harvardın hər bir fakültəsi böyük bir universitetdən çox-çox böyük potensial və imkanlara malikdir. Dövlətlə, cəmiyyətlə iç-içədir. Ağ Ev daxil olmaqla cəmiyyətin bütün böyük qurumlarından və təşkilatlarından sifarişlər alır və Harvardın professorları bütün bu təşkilatlarda aktiv fəaliyyətdədirlər. Və yalnız ABŞ-dan yox. Sifarişlər, layihələr başqa ölkələrdən, hökumətlərdən də olur. Bundan isə hər kəs faydalanır: Harvard da, onun professorları da, dövlət də, cəmiyyət də. Mən bu universitet, onun sistemi, dünya və ABŞ cəmiyyəti ilə münasibətləri, professorları üçün yaratdığı heyrətamiz şərait, maddi və mənəvi dəstəyi, tədqiqat aparmaları üçün yaratdığı maksimal imkanları və bütün bunların bumeranq kimi ona qaytardığı fayda, beynəlmiləl intellektual mühiti, tələbələri, məzunları, tədris prinsipləri, elmi-tədqiqat mərkəzləri və s. haqqında saatlarla danışa bilərəm və bunlar mənim bu universitetlə bağlı bilmədiklərimin müqabilində bir damla olar.

-Harvarddakı fəaliyyətinizin əhəmiyyəti haqda nə deyə bilərsiniz?

- Sualınız həddindən artıq böyükdür. Cavabı indi verilməyəcək və hələ mənim özümün də ölçüb-biçə bilməyəcəyim səviyyədə böyük. Gəlin bu haqda 20 il sonra danışaq.

- Yəqin ictimaiyyət nümayəndələri ilə təmas qurmaq imkanlarınız oldu. Bizi, ölkəmizi nə qədəq tanıyırlar?

- Azərbaycanı tanıyırlar. Lakin təəssüf ki, Azərbaycan deyəndə onu yalnız enerji ilə assosiasiya edirlər. Bu isə şəxsən mənim üçün heç də xoş olmayan bir hal idi. Mənim ölkəmlə hər hansı neftlə zəngin, lakin mədəni durumu fərqli olan ölkələr eyni qəbildən qəbul olunmuş olur. Biz hələ fərqinə varmırıq, amma, fikrimcə, enerjinin Azərbaycana vermiş olduğu böyük ziyanlardan biridir.

Siz həm də Qərb Universitetinin professorusunuz. Dünyanın ən nüfuzlu universitetlərindən birində əldə etdiyiniz təcrübəni Qərb Universitetində də yəqin ki, bölüşəcəksiniz.

- Əlbəttə. Bu cür beynəlxalq təcrübələri qazanmaq dövrümüzün tələbidir. Alim periferiyada qala bilməz. Beynəlxalq təcrübə hazırda bütün dünyada akademik kadrlar üçün əsas tələblər sırasındadır. Bu təcrübənin alimin inkişafında və tanınmasında oynadığı rol çox böyükdür və ona görə də, hətta ən böyük alimlərin də tərcümeyi-halında, ən nüfuzlu universitetlərin kadrlarının da CV-sində əsas yerlərdən birini tutur. Bu, yalnız kadrın yox, həm də onun iş yeri olan universitetin dəyərinə çevrilir. Əgər akademik heyət universitetin əsas keyfiyyət göstəricisi kimi qəbul olunursa, deməli, bu heyətin beynəlxalq təcrübəsi universitetin tədris və tədqiqat sahəsindəki gələcək uğurunun təminatı, onun səsinin, ifadəsinin, qloballaşmasının bir vasitəsidir. Qərb Universitetinə gəldikdə, bu universitet Azərbaycanda beynəlxalq təcrübəyə önəm verən və beynəlxalq təcrübəli mütəxəssislərdən faydalanan ilk universitetlərdən biri, hətta deyərdim ki, birincisidir. Müasir və səviyyəli kadrlar bu modern ruhlu universitetin canı, kadrlarının beynəlxalq təcrübəsi isə onun inkişafının simbioz ünsürüdür. Bu universitetin təməl fəlsəfəsində duran ünsürdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292