SOSİUM

Orta məktəblərə 100 min manat qrant veriləcək
16 İYUN
465

Orta məktəblərə 100 min manat qrant veriləcək

2017-06-16 10:47:00
Fərdi layihələr kateqoriyası üzrə bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər

Nazirlər Kabineti “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”i təsdiq edib.

Fins.az-ın məlumatına görə, Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların ayrılmasında başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Tələblərə əsasən qrantın ayrılması üçün Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsinin keçirilməsi barədə Təhsil Nazirliyi rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandırır və müsabiqə ilə bağlı informasiya həmin saytda yerləşdirilir. Müsabiqənin keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən tərkibi 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılır. Qrant müsabiqəsi üzrə mövzular prioritet sahələr nəzərə alınmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Qrant müsabiqəsi 2 kateqoriya – ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Təhsil Nazirliyi tərəfindən 3 nəfər üzvdən ibarət Apelyasiya Komissiyası yaradılır. Apelyasiya Komissiyasının iclasları onun üzvlərinin hamısı iştirak etdikdə baş tutmuş hesab olunur. Apelyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu ilə üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Təşkilat Komitəsi və Apelyasiya Komissiyası ictimai əsaslarla fəaliyyət göstərir. Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100 min manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10 min manatdan çox olmamalıdır. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. Fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər.  Müsabiqədə iştirak etmək istəyən dövlət ümumi təhsil müəssisələri və mülkiyyət formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqənin rəsmi internet səhifəsində qeydiyyatdan keçirlər. Müsabiqəyə ümumi təhsil müəssisələri və pedaqoji işçilər tərəfindən yalnız 1 layihə təqdim edilə bilər. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr müsabiqə çərçivəsində əlavə və ya təkrar maliyyələşdirilmir. Layihəsinin icrası başa çatmış, lakin layihənin icrası ilə bağlı hesabatları yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixədək  Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etməmiş ümumi təhsil müəssisələrinin və pedaqoji işçilərin müraciətlərinə baxılmır. 

Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Siyasi, dini, xeyriyyə fəaliyyətini, xaricdə təhsili, humanitar yardımı və gəlirin artırılmasını nəzərdə tutan layihə təkliflərinə baxılmır. Layihə təklifləri Təşkilat Komitəsi tərəfindən layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən sonra 30 gün ərzində qiymətləndirilir və müsabiqənin qalibi olmuş layihələr barədə məlumat Təhsil Nazirliyinin rəsmi internet saytı və digər kütləvi informasiya vasitələri ilə ictimaiyyətə elan olunur. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin məzmun ekspertizasını həyata keçirmək üçün Təşkilat Komitəsi tərəfindən təhsil mütəxəssislərindən ibarət Ekspert Qrupu yaradılır. Ekspert Qrupu 5 üzvdən ibarət olur. Müsabiqəyə təqdim edilmiş layihələr Ekspert Qrupu tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilir. Ekspert Qrupunun təqdim etdiyi rəy Təşkilat Komitəsində müzakirə olunur və Təşkilat Komitəsinin təqdimatı əsasında Təhsil Nazirliyi layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul edir və nəticələri rəsmi internet səhifəsində dərc etdirir. Qrant alınmasına dair qərar (müqavilə) Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na uyğun olaraq qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliy-yələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə 40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir.

Bu müsabiqə çərçivəsində hər iki kateqoriya üzrə əldə edilmiş qrant vəsaiti aşağıdakı istiqamətlər üzrə xərclənir:

 

-laboratoriya, kompüter və digər avadanlıqların alınmasına;

- layihədə iştirak edən yerli və beynəlxalq təlimçi və ekspertlərə qonorar ödənilməsinə;

- layihə çərçivəsində nəzərdə tutulan yerli və beynəlxalq səfərlər zamanı ezamiyyə xərclərinə;

- tədris resurslarının, elmi-metodik ədəbiyyatın alınmasına;

- layihənin icrasında iştirak edən şagird və pedaqoji işçilərə mükafat verilməsinə;

- rabitə və internet xərclərinin ödənilməsinə;

- təlim, seminar və digər tədbirlərin keçirilməsi üçün yerin icarəsinə;

- tədbir iştirakçılarının yemək və yaşayış xərclərinə;

- dəftərxana ləvazimatlarının alınmasına;

- nəqliyyatın icarəsinə;

- tədbirlərin təşkili xərclərinə;

- çap xərclərinə;

-layihənin həyata keçirilməsi ilə bağlı Təşkilat Komitəsi ilə razılaşdırılmış digər zəruri xərclərə.

Təhsil Nazirliyi resipiyentə ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini və ya digər pozuntular aşkar edərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vəsaitin qaytarılması üçün tədbirlər həyata keçirir.

 

 

 

 

Apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295