SOSİUM

Sumqayıtı necə kurorta çevirmək olar?
22 NOYABR
500

Sumqayıtı necə kurorta çevirmək olar?

2016-11-22 13:39:00

Bu gün Sumqayıt şəhərinin 67 yaşı tamam olur. 

Xəzər dənizin qərb sahillərində yerləşən Sumqayıt SSRi dövründə sənaye və metallurgiya şəhəri kimi tanınırdı. Bir zamanlar “ölü şəhəri” statusu alan Sumqayıt yaxın gələcəkdə turizm şəhərinə çevrilməyə böyük şansları var. Şəhərdə görülən abadlıq işləri bu şansı reallığa çevirə bilər. Bunun üçün şəşərin bütün imkanları işə salınmalıdır. Sumqayıtın 5 ən cazbedici məkanlarından danışmaq istəyərdik.

Çimərlik

Sumqayıt Azərbaycanın yeganə şəhəridir ki, burada Braziliya seriallarındakı gördüyümüz mənzərəni seyr edə bilərik. Yəni yaşayış binalarının və şəhər mərkəzinin tam önündə olan çimərlik. O seriallara baxarkən hansımız «sübh tezdən dənizdə çimib, ondan sonra gündəlik işlərimizlə məşqul olardıq» kimi fikirləri ağlına gətirməyib?

Park

Sumqayıtın vizit kartı, şübhəsiz ki, onun gözəl, əsrarəngiz Nəsimi parkıdır. Ötən əsrin 2-ci yarısından salınan park bütövlükdə yaşıllığa bürünüb. Bura şəhər mərkəzində olan sivil meşəyə bənzəyir. Parkın mərkəzində Sovet dövründə tikilmiş və Sumqayıtın simvolu olan "Sülh Göyərçini” abidəsi ucalır. Abidənin ətrafından şəhərin və dənizin gözəl mənzərəsi açılır. 

Bulvar

Sumqayıt bulvarı ərazicə çox böyük olması ilə yanaşı, çimərliyə birbaşa çıxışı onu Bakı bulvarından fərqləndirir. Burada şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.

Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.  

Qədim tarixi olan diyar

Sumqayıt şəhərinin tarixi 1950-ci illərdən başlamasına baxmayaraq, qədimi tarixə malik olan Corat qəsəbəsi Sumqayıtın daxilindədir. Bəzi məlumatlara görə, Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Corat ərazisində həm də bir çox abidələr var(mış). Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları... Təəssüf ki, bu abidələrin bəziləri artıq yoxdur. Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş "qardaş"larının yanına aparılaraq əcnəbi türistlərə nümayiş etdirilir. Tarixi-memarlıq abidələri kimi Corat qəbiristanlığındakı "sandıq" qəbirləri, XVI əsrə aid hamam, XVII əsrə aid qəsəbənin daxilindəki hamam və hamamı su ilə təmin edən quyu, XVII əsrə aid məscid, min illik tarixi olan qədim məscid, Şah Abbas karvansarasının qalıqlarını, kənddəki pirləri göstərmək olar.

Burada da yavaş-yavaş abadlaşdırma işləri aparılır və o gün gələcək ki, Sumqayıtın ən qədim hissəsi olaraq tarixi turizm məkanına çevriləcək. Gözəl hadisədir ki, son vaxtlarda Sumqayıtda keçirilən bir qisim mədəni-kütləvi tədbirlərin əvvəli məhz Coratdan başlayır. 

Mədəniyyət

Mədəni niyyətləri olan şəhər qonaqları üçün Sumqayıtda bir çox incəsənət obyektləri, Rəsm qalereyası, muzeylər, mədəniyyət mərkəzləri, Sumqayıt Musiqili Dram Teatrı və s. mövcuddur. Axırıncısına gələrkən, Teatr binası da hal-hazırda restavrasiya işləri gedir. Teatr   binası istər daxilən,istər xaricən  özünəməxsus   memarlıq üslubu  ilə fərqlənir. Teatrın həyətində 2 yeni fəvvarə də  tikilir. Qeyd edək ki, bir çox məhşur Azərbaycan xalq və əməkdar artistləri karyeralarına məhz bu teatrda başalayıblar.

Bunu da əlavə edək ki, bu yaydan etibarən Sumqayıtda şəhərin daxilində yerli və xarici turistlər üçün müxtəlif maraqlı məkanlara səyahət turları təşkil edilib. Turlar ikimərtəbəli səyahət avtobusları ilə həyata keçirilir. Şəhərdaxili turların qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyənləşdirilib. Şəhid ailələrinə xidmət pulsuzdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275