SOSİUM

Elektron dərsliklərdən niyə istifadə olunmur?
21 OKTYABR
145

Elektron dərsliklərdən niyə istifadə olunmur?

2016-10-21 09:49:00

Təhsil Nazirliyi elektron dərsliklərin bütün məktəblərdə tətbiqinə tələsmir. Hələlik yalnız 10-a yaxın  pilot məktəbdə həmin dərsliklərin tətbiqi mümkün olub. Digərlərində heç şagirdlərin bu barədə məlumatı belə yoxdur.  

Elektron dərslik böyük həcmdə tədris və təlim materiallarını əhatə edir. Təhsil Nazirliyinin media ilə iş sektorunun rəhbəri Cəsarət Valehov fins.az-a bildirib ki, indiyədək 150-dən artıq orta məktəb dərsliyinin elektron versiyası hazırlanıb: “Şagirdlər və valideynlər özlərinə lazım olan dərsliyi bu portaldan seçib yükləyə bilərlər. Bunun üçün onlarda planşetlər olmalıdır. Şagirdlər dərsliyi oraya yükləyərək özləri ilə daşıya bilirlər. Bu halda dərslikləri  özləri ilə götürə də bilərlər, götürməyə də. Ancaq elektron kitablar hər zaman şagirdlərin yanında olacaq, bəhanələri qalmayacaq”.

C.Valehov əlavə edib ki, TN vaxtaşırı pilot məktəblərdə elektron  dərsliklərin tətbiqi ilə bağlı monitorinqlər aparır. Eyni zamanda  müəllimlərə həmin vasitələrdən  istifadə üsullarını öyrədən təlimlər keçirilir.

Lakin bütün bunların praktikada geniş tətbiqi hələ də mümkün olmayıb. Ölkədəki 4500-dən artıq məktəbdən ancaq 10-a yaxın paytaxt məktəbində şagirdlər yeniliklərdən yararlana bilirlər. Çünki hələ də digər məktəblərdə bütün siniflərdə kompüterlər qurulmayıb. Üstəlik, məktəblərə elektron lövhələr, planşetlər və digər  vasitələr verilmir. Buna görə elektron  dərsliklərin bütün məktəblərdə tətbiqi hələ də mümkün deyil.

Elektron dərsliklərin üstünlüyü nədir? 

- Müxtəlif istifadə formatları – onlayn və ya oflayn rejimdə 
- Kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin istifadə imkanının mövcudluğu 
- Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri 
- Böyük həcmli məlumatların saxlanması 
- Mətnlər üzərində qeydlərin aparılması mümkünlüyü 
- Rahat istifadə - axtarış sisteminin mövcudluğu 
- Mobillik – hər yerdə və hər zaman 

Onu da deyək ki, indi məktəblərdə  dərsliklərin sayının  və çəkisinin çoxalması şagidrlər üçün ciddi problemə çevrilib. Onlar çantalarının ağırlığından şikayət edirlər. Dərsliklər elektronlaşsa da bütün şagirdlər bundan istifadə edə bilmir. Bunun üçün məktəblərdə elektron vasitələr demək olar ki, yoxdur.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bu günlərdə dərsliklərin daşınmasının çətinliyi ilə bağlı danışarkən niyə elektron dərsliklərin  geniş tətbiq edilməməsinə dair  fins.az-ın sualına cavab verməyib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272