SOSİUM

Azərbaycanda "overtime" işləyənlərin nəzərinə
17 OKTYABR
991

Azərbaycanda "overtime" işləyənlərin nəzərinə

2016-10-17 14:56:00

Azərbaycanda iş vaxtından artıq işin necə tənzimləndiyini öyrənin. Əlavə işə görə ödəniş, əlavə işə uyğun şərait, əlavə işə görə əlavə məzuniyyət və s. necə olur?
Wageindicator fondunun hesabatında göstərilir ki, son illərdə bütün dünyada işçilərin 40%-i əmək müqaviləsində razılaşdırıldığından artıq iş görməyə məcbur olub. Ancaq onlardan cəmi 1,3 %-i əlavə əməkhaqqı alıb. Gəlin görək, Azərbaycanda müqavilədə nəzərdə tutulduğundan əlavə işin haqqı necə ödənilməlidir.

İş vaxtından artıq iş nə deməkdir?

İşəgötürən işçiyə müqavilədə göstərilən iş müddətindən artıq işləmək haqqında tapşırıq, əmr və ya göstəriş verirsə və işçi özü də əmək funksiyasını adi iş saatından sonra da davam etdirməyə razılıq verirsə, onun gördüyü iş əlavə hesab olunur.

İşçini əlavə işə hansı halda cəlb etmək olar?  

İş vaxtından artıq işi yalnız aşağıdakı hallarda vermək olar:

- dövlət təhlükəsizliyi, təbii fəlakətlərin, istehsal qəzalarının qarşısının alınması naminə görülməli işlər varsa;
- müxtəlif işlərin pozulmasına, su, qaz, elektrik enerjisi təminatının, qızdırıcı, kanalizasiya və başqa kommunal xidmətlərin yerinə yetirilməsinə mane olan gözlənilməz hadisələrin nəticələrinin aradan qaldırılması zərurəti yaranarsa;
- iş gününün sonuna qədər yerinə yetirilməli işlər texniki problemlərlə əlaqədar olaraq gecikirsə və bu işlərin gecikməsi təhlükə yaradarsa, məsələn ərzaq və malların korlanması təhlükəsi olarsa;
işçilərin çoxunun işinin dayanmasına səbəb olacaq qəzaların qarşısının alınması, avadanlıqların bərpası, təmiri zərurəti varsa;
- işçini əvəz edəcək adam yoxdursa və işin dayandırılması mümkün deyilsə.

Azərbaycanda kimləri əlavə işə cəlb etmək olmaz

- xüsusi gərgin şəraitdə və zərərli ərazilərdə işləyən işçiləri;
- hamilə və ya 3 yaşına qədər körpəsi olan qadınları iş vaxtından artıq işə cəlb etmək olmaz.

Azərbaycanda iş vaxtından artıq - əlavə iş nə qədər çəkə bilər?

Hər bir işçinin iş vaxtından sonra gördüyü iş 4 saatı keçməməlidir (dalbadal iki gün ərzində).  Xüsusi gərgin və zərərli əmək şəraitində isə əlavə iş saatı ən çoxu 2 saat ola bilər (yenə də dalbadal 2 gün ərzində)

Azərbaycanda əlavə əməyin haqqı necə ödənilir?

İş vaxtından artıq hər bir saatlıq işin haqqı aşağıdakı qayda ilə ödənilir:

- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

Əmək müqaviləsində, kollektiv müqavilədə işçiyə iş vaxtından artıq işin müqabilində yüksək əməkhaqqı göstərilə bilər.

İşəgötürən işçiyə əlavə işinə görə kompensasiya kimi əlavə məzuniyyət verə bilərmi?

İş vaxtından artıq işə görə işçiyə əlavə məzuniyyət vermək olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272