SOSİUM

Ukrayna ilə Azərbaycan "Asan İmza" ilə işləyəcək
07 OKTYABR
331

Ukrayna ilə Azərbaycan "Asan İmza" ilə işləyəcək

2016-10-07 11:03:00

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində 3-cü beynəlxalq “Ukrayna Açıq Açar İnfrastrukturu Forumu” öz işinə yekun vurur. Tədbirin hədəf kütləsi dövlət orqanlarının təmsilçiləri, kiber-təhlükəsizlik üzrə mütəxəssislər, rəqəmsal identitet və imza texnologiyalarının istehsalçıları, mobil rabitə və ödəniş xidmətləri təchizatçıları və fərdi investorlardan ibarətdir. 

Forumda Azərbaycanı “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe təmsil edib. Y.Krimpe vahid elektron məkan olan E-Hökumət portalı və çoxsaylı korporativ elektron platformalar üzərindən ölkə əhalisinin istifadəsinə açıq olan dövlət və özəl sektor xidmətlərinin davamlı elektronlaşdırılması tendensiyasını da vurğulayıb. Qeyd olunub ki, hazırda bütün bu elektron xidmətlər açıq açar infrastrukturuna əsaslanan və vətəndaşa elektron mühitdə şəxsiyyətini təsdiq etməyə imkan verən “Asan İmza” gücləndirilmiş mobil elektron imza vasitəsilə istifadə oluna bilər.  

Y.Krimpe onu da diqqətə çatdırıb ki, mobil elektron imzanın tətbiqi elektron hökumətin mobil hökumətə doğru təkamülünü labüd edir, belə ki bu zaman bütün elektron xidmətlər mobil imza texnologiyasının istifadə olunduğu mobil telefon və ya digər mobil rabitə cihazı vasitəsilə əlçatan olur. 

Forum çərçivəsində “Asan İmza” mobil gücləndirilmiş e-imza sisteminin Ukrayna Ədliyyə Nazirliyinin akkreditasiyadan keçmiş sertifikat mərkəzi ilə inteqrasiyası da nümayiş edilib ki, bunun da sayəsində Azərbaycan və Ukrayna elektron imza ekosistemlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi mümkün olacaq. Tədbir zamanı ilk dəfə olaraq bir tərəfdən Ukrayna vətəndaşının “Asan İmza” texnologiyasına əsaslanan elektron imza sertifikatı, digər tərəfdən Azərbaycan vətəndaşının “Asan İmza”sı ilə tərəflər arasında elektron qaydada qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Həmçinin, Ukrayna Ədliyyə Nazirliyinin milli kök sertifikat mərkəzi, Azərbaycan Vergilər Nazirliyinin “Asan” sertifikat xidmətləri mərkəzi və “Asan İmza” xidmətinin inteqratoru olan “B.EST Solutions” şirkətinin birgə əməkdaşlığı ilə Ukrayna sertifikat mərkəzinin təqdim etdiyi sertifikatla çalışan Ukrayna mobil rəqəmsal imza xidmətinin pilot versiyası da təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272