SOSİUM

Mediasiyanın üstünlükləri və tətbiqi imkanları
08 SENTYABR
217

Mediasiyanın üstünlükləri və tətbiqi imkanları

2016-09-08 16:25:00
Mübahisələrin ən səmərəli alternativ həll üsullarından biri mediasiyadır. Mediasiya mübahisənin tərəflərə razılıq əldə edilməsində kömək göstərən müstəqil və neytral vasitəçinin köməyi ilə yoluna qoyulmasıdır. Mediasiya mübahisələrin həllinin daha perspektivli alternativ üsulu sayılır. Məhz mediasiya vasitəsilə mübahisənin bütün iştirakçılarının maraqlarını maksimum dərəcədə təmin edən qərarın qəbul edilməsinə nail olmaq mümkündür.  Hakimlərin bir çox hallarda tərəflərdən birini qane etməyən iradəvi qərarlar qəbul etdiyi arbitraj və münsiflər məhkəməsindən fərqli olaraq, mediasiyada vasitəçi heç bir qərar qəbul etmir, tərəflər özləri razılığa gəlirlər. Vasitəçi yalnız tərəflərə ümumi qərar tərtib etməyə kömək edir və hər iki tərəfi qane edən sazişin bağlanmasına yardım göstərir. 

Artıq postsovet məkanına daxil olan bir sıra ölkələrdə, məsələn, Rusiya Federasiyasında (27 iyul 2010-cu ildə), Qazaxstanda (28 yanvar 2011-ci ildə),  Latviyada (22 may 2014-cü ildə) mediasiya haqqında qanunlar qəbul edilib. Həmin qanunlar mübahisələrin həllinin bu üsulunun onun mahiyyətinə xas prinsiplərini təsbit edirlər. Həmin prinsiplərəkönüllülük, mediasiya tərəflərinin hüquq bərabərliyi, mediatorların müstəqilliyi, mediatorların qərəzsizliyi, mediasiya proseduruna müdaxilənin yolverilməzliyi, konfidensiallıq kimi prinsipləri aid etmək olar.

Könüllülük prinsipi barışdırıcı prosedurda iştiraka məcburetmənin mümkünsüzlüyünü nəzərdə tutur. Onu da qeyd edək ki, bir sıra ölkələrdə (İtaliya, Böyük Britaniya, Avstraliya, Argentina, Almaniya, Kanada, Fransa, İspaniya) bəzi hallarda barışdırıcı prosedurların məcburi tətbiqi nəzərdə tutulur. Məsələn, İtaliyada 4 mart 2010-cu il tarixli 28 saylı dekretlə mediasiya sahəsində 18 iyun 2009-cu il tarixli qanunun mülki və ticarət mübahisələrinə istiqamətlənmiş 60-cı maddəsi qüvvəyə minib. Qanunvericilik dekretinin 5-ci maddəsinə uyğun olaraq, bir sıra məsələlər üzrə (daşınmaz əmlaka sahiblik, icarə müqavilələri, əşya hüquqları, vərəsəlik hüququ, sığorta, bank və maliyyə müqavilələri və s.) mübahisələrin həlli üçün məhkəməyə müraciət etmək niyyətində olanlar mediasiya proseduruna müraciət etməlidirlər. Mediasiya proseduruna müraciət işə məhkəmə qaydasında baxılmasının şərti hesab olunur. Almaniyanın Mülki prosessual qanunlar toplusuna Giriş qanununun 15-ci paraqrafının müddəalarında da məhkəməyə ərizə verilənədək vasitəçiyə müraciət etmənin məcburi olduğu mübahisələrin siyahısı nəzərdə tutluur. Xüsusilə, bu, kiçik məbləğli əmlak mübahisələri üzrə zəruridir. Vasitəçiyə müraciətin təsdiqi üçün iddiaçı iddia ərizəsi ilə birgə məhkəməyə mübahisənin mediasiya vasitəsilə həlli cəhdinin uğursuzluğu haqqında müvafiq sübut təqdim etməlidir.

Məcburi prosedur kimi məhkəməyəqədər vasitəçilik tərəflərin razılaşması ilə də nəzərdə tutula bilər. Bu halda müqavilədə mübahisənin mediatorun köməyi ilə nizama salınmasının məcburiliyi göstərilir, belə razılaşmanın icrası üçün əsas yanaşmalar təsbit edilir. Tərəflərin sazişi – mediasiya proseduru üçün daha uyğun yoldur. Belə ki, onun əsasında münaqişənin tənzimlənməsi ilə bağlı müqavilə iştirakçılarının könüllü qərarı durur, bu, tərəflərin şüurlu seçimidir.

Bəzi mütəxəssislər hesab edirlər ki, məhkəməyə qədər tərəflərin vasitəçiyə müraciət etməsinin məcburiliyinin qanunvericilikdə nəzərdə tutulması daha çox hallarda dövlətin maraqlarına cavab verir (məsələn, məhkəmələrin yükünün azaldılması), nəinki tərəflərin. Məsələn, Böyük Britaniya Ali Məhkəməsinin istefada olan hakimi G. Bruka görə mediasiyanın seçilməsi könüllü prosesdir. “İnsanları onun üstünlüklərinə inandırmaqla mediasiyanı irəli aparmaq daha yaxşı olardı, nəinki bu metodu onlara sırımaqla”.     

Təcrübədə vasitəçiliyin müxtəlif növləri formalaşıb. Onlardan biri neytral qiymətləndirmədir. Neytral qiymətləndirmə həyata keçirilən zaman vasitəçi tərəflərin mövqelərini nəzərdən keçirir və mübahisənin mahiyyəti üzrə öz fikrini təqdim edir. Burda vasitəçinin funksiyası işin hallarının təhlili və tənzimləmə variantının işlənib hazırlanması ilə məhdudlaşır. Onun fəaliyyəti tərəflərin təmas qurmasının təmin edilməsinə istiqamətlənmir. Aydındır ki, neytral qiymətləndirmə aparan vasitəçi uyğun sahə üzrə ekspert olmalıdır. Bu üsuldan tərəflərin öz arzusu ilə istifadə olunur və qanuni tənzimləmə tələb etmir.

Neytral qiymətləndirmədən fərqli olaraq, moderasiya tərəflərin təmas qurmasının təmin edilməsinə yönəlir və bu zaman tənzimləmə variantını tərəflər özləri axtarırlar. Moderatorun əsas funksiyası hər bir tərəfə söz verməkdən, predmet üzrə danışıqlar atmosferi yaratmaqdan və tərəflər arasında münaqişəli situasiyaları aradan qaldırmaqdan ibarətdir. Moderasiya ilə mübahisənin danışıqlar vasitəsilə həlli üsulu arasında bir sıra oxşar cəhətlər də vardır.

Faktların müəyyən edilməsi də vasitəçiliyin bir növüdür. Burda vasitəçinin vəzifəsi mübahisənin əsasında dayanan faktiki halları müəyyən etməkdir. Tənzimləmə variantının axtarışını isə tərəflər özləri həyata keçirirlər. Bu halda vasitəçi müstəntiq qismində çıxış etmir, onun vəzifəsi daha çox audit və digər sənəd təhqiqatlarıdır.

Vasitəçi-arbitraj (med-arb) proseduru mübahisənin tərəflərin razılığa gələ bilmədiyi hallarda mübahisəni arbitraj qaydasında həll etmək səlahiyyətinə malik vasitəçi-münsifin köməyi ilə nizama salınmasını özündə əks etdirir. Tərəflər müqavilə ilə onun həyata keçirilməsinin hansısa xüsusiyyətlərini nəzərdə tuta bilərlər.

Məhkəmə araşdırmasına birləşdirilmiş alternativ vasitələr (court-annexed ARD). Bu vasitələr məhkəmə proseduru çərçivəsində mübahisələrin alternativ həllinin müxtəlif elementlərinin istifadəsini nəzərdə tutur. ABŞ-da Court-annexed ARD-ninn tətbiqi müxtəlif formalarda gerçəkləşir. Məsələn, “məhkəməyə birləşdirilmiş arbitraj” (court-annexed arbitration) – fikir ayrılığının məhkəmə araşdırması başlayanadək arbitr vasitəsilə ilkin tənzimlənməsi, “kiçik iddialar məhkəməsi” (small claims court)  - kiçik həcmli iddia üzrə mübahisələrin həllinin çevik proseduru və s. kimi formalardan istifadə olunur.

“Mini-araşdırma” (mini-trial) mübahisə tərəflərinin rəhbərləri neytral məsləhətçinin iştirakı ilə görüşürlər, işin halları üzrə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyirlər və mübahisə üzrə razılıq əldə etməyə çalışırlar.

Bir sıra hüquqi mexanizmlər və institusional vahidlərin olmasına baxnayaraq, Azərbaycan təcrübəsində mübahisələrin alternativ həlli üsullarından, xüsusilə mediasiyadan istifadəni yetərli hesab etmək olmaz. Bunun əsas səbəblərisırasında mübahisələrin alternativ həll üsullarının tətbiqini təmin edən zəruri hüquqi mexanizmlərin olmaması xüsusi yer tutur. Doğrudur, mübahisələrin alternativ həlli ilə bağlı ənənənin formalaşmaması,  mübahisələrin həllinin alternativ üsullarının mahiyyəti və əhəmiyyəti haqqında sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsinin yetərli olmaması, bürokratik əngəllər, inhisarçılıq kimi halların da təsiri var. Lakin zəruri hüquqi mexanizmlərin yaradılması problemin həllinin açarı rolunu oynaya bilər. Bunun üçün ilk növbədə “Mediasiya haqqında” qanunun qəbuluna ehtiyac var.

Qeyd etdiyimiz kimi, artıq postsovet məkanına daxil olan bir sıra ölkələrdə, məsələn, Rusiya Federasiyasında (27 iyul 2010-cu ildə), Qazaxstanda (28 yanvar 2011-ci ildə),  Latviyada (22 may 2014-cü ildə) mediasiya haqqında qanunlar qəbul edilib. Bu ölkələrin, həmçinin mediasiyanın uğurla tətbiq olunduğu ABŞ, Avstriya, Büyük Britaniya və s. kimi ölkələrin də təcrübəsindən faydalanmaq mümkündür.

Mediasiya təkcə sahibkarlıq subyektlərinin iştirak etdiyi mübahisələrin deyil, eləcə də digər subyektlərin tərəf olduğu mülki, əmək, ailə və digər hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsində istifadə oluna bilər.Mediasiyanın tətbiqi mübahisənin həllinin tərəfləri qane edən variantının əldə edilməsini, tərəflər arasında münaqişə səviyyəsinin azaldılmasını təmin etməklə məhkəmələrin də iş yükünün əhəmiyyətli dərəcədə yüngülləşməsinə gətirib çıxara bilər.

 

Abil Bayramov
Hüquqşünas-ekspert

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275