SOSİUM

İşığın qiyməti qalxdı-QƏRAR
14 İYUL
1833

İşığın qiyməti qalxdı-QƏRAR

2016-07-14 21:57:00
Əhalinin istifadə etdiyi elektrik enerjisinin qiyməti qaldırıldı. Tarif (qiymət) Şurasından fins.az-a verilən xəbərə görə, bu barədə qərar “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq bu günkü iclasda qəbul edilib.
 
Şuradan bildiriblər ki,  bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Tariflərin artırılmasında əsas məqsəd enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafıdır.
 
Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcəkdir. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcəkdir.

Xatırladaq ki, sonuncu dəfə elektrik enerjisinin tarifi 2007-ci ilin yanvar ayında dəyişdirilib. Ötən 10 ilə yaxın müddət ərzində istehsal güclərinin artırılması, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması, enerji təchizatının davamlılığının təmin edilməsi üçün böyük həcmdə investisiya qoyulub. Eyni zamanda istehsalçının və paylayıcı şəbəkənin balansına xeyli tikili, qurğu, ötürücü qurğu, maşın və avadanlıqlar qəbul edilib. Bu da saxlanma və təmir xərclərinin artımını şərtləndirib.

 
Son 10 ildə enerji sisteminin istehsal gücü 5590 meqavatdan 7160 meqavata çatdırılmış, abonentlərin sayı təxminən 1 milyona yaxın artaraq 2,5 milyonu ötüb. Qeyd edək ki, əhali qrupu üzrə abonentlərin sayğacla təmin edilməsi ödənişsiz olaraq paylayıcı şəbəkə tərəfindən həyata keçirilir.
 
Təsdiq edilmiş yeni tariflər region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275