SOSİUM

ASAN kommunal mərkəzləri necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
05 MAY
1082

ASAN kommunal mərkəzləri necə işləyəcək? - RƏSMİ AÇIQLAMA

2016-05-05 14:31:00

“Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyinə aid olan bütün müştəri xidmətləri ASAN Kommunal mərkəzlərində vətəndaşlara göstəriləcək. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O bildirib ki, "ASAN Kommunal" mərkəzlərinin təşkilatlanma işinə bu gündən başlanılıb: "Çox qısa müddət ərzində "ASAN Kommunal"ın pilot layihəsi fəaliyyətə başlayacaq. Yeni xidmətlər "ASAN" xidmətə paralel mərkəzlər olacaq".

Sədrin sözlərinə görə, hazırda "ASAN" xidmət mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir: "ASAN Kommunal fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək".

O qeyd edib ki, digər bütün müasir ödəmə vasitələri, poçt ödəmələri, "ASAN" ödəniş vasitələri qalacaq və həmin xidmətləri asanlaşdırılma üsulları tətbiq olunacaq.

İ.Kərimov bildirib ki, adı çəkilən qurumların göstərdiyi xidmətlərdən başqa digər kommunal xidmətlər də "ASAN Kommunal"da göstəriləcək: "Yeni "ASAN Kommunal" mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək. Onlar aidiyyəti qurumların vəsaitləri hesabına təşkil ediləcək.

Sədr "ASAN Kommunal" mərkəzlərin fiziki baxımdan ayrı binada yerləşəcəyini deyib: "ASAN xidmət mərkəzlərinə yaxın, mümkün hallarda bitişik binalarda yerləşməsi nəzərdə tutulub. Mərkəzlərdə vətəndaşlarımız üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq. İnternet kafelər, uşaqlar üçün xüsusi yerlər olacaq. İnformasiya köşkləri vasitəsilə vətəndaşlar məlumatlandırılacaq. Vətəndaşlar "Vahid çağrı mərkəzi" vasitəsilə istədikləri suallara cavab tapa biləcək".

İ.Kərimov qeyd edək ki, yeni xidmətin təşkil olunması Azərbaycan Prezidentinin müvafiq fərmanında adları çəkilən üç qurumun rəhbərlikləri ilə birgə həyata keçiriləcək.

Xatırladaq ki, mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272