SOSİUM

Prezidentdən Ağsu ilə bağlı 2 sərəncam
03 MAY
593

Prezidentdən Ağsu ilə bağlı 2 sərəncam

2016-05-03 18:28:00

Prezident Ilham Əliyev Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Fins.az xəbər verir ki, sərəncamda bildirilir: 

Son illər Ağsu şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, İdman Kompleksi, 3000 yerlik şəhər stadionu, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi əsaslı təmir olunmuş, şəhərin su təchizatı sistemi, şəhərdaxili avtomobil yolları yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağsuda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 33 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Dövlət başçısı həmçinin Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275