SIĞORTA

Sığorta terminləri: Lüğət
24 AVQUST
575

Sığorta terminləri: Lüğət

2018-08-24 12:41:00

Sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər
sistemi;

təkrarsığorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;

sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;

sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;

təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olan ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf;

təkrarsığortalı – sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı;

sığorta nəzarəti orqanı – sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;

sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi
şərtlərinin təsbit edildiyi razılaşma;

sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;

sığorta qaydaları - sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü
tərəfindən və ya qanunla nəzərdə tutulmuş halda sığorta nəzarəti orqanı tərəfindən sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla qəbul edilən , həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd;

sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə , sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son
həddi;

qaytarılan məbləğ – həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul məbləği;

sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;

sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;

sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;

sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Qanuna, icbari sığorta qanunlarına və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədilir;

sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;

şəxsi tutum – sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi;

şərikli sığorta – sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi barədə bir neçə sığortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi və iqtisadi münasibətlər mexanizmi;

həyatın yığım sığortası – sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması;

aktuari – qanunla nəzərdə tutulmuş qaydada iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;

lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən
rəsmi sənəd;

tələb olunan kapital – sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ;

sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri;

məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği;

şəxs – fiziki şəxs və ya hüquqi şəxs;

yerli hüquqi şəxs – Azərbaycan Respublikasının hüdudlarında yaradılmış istənilən hüquqi şəxs;
xarici fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı olmayan və daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs;

xarici hüquqi şəxs – yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən hüquqi şəxslər;
xarici sığortaçı – öz ölkəsinin qanunlarına əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;

xarici təkrarsığortaçı – öz ölkəsinin qanunlarına əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs;

törəmə cəmiyyət – sığorta qanunvericiliyinin məqsədləri üçün idarə edilməsində əsas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs;

asılı cəmiyyətlər - biri digərinin və ya onların hər birinin eyni üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər;

əhəmiyyətli müqavilə - sığorta qanunvericiliyinin məqsədləri üçün, hər hansı şəxsə onun hüquqi şəxsin səhmlərinə malik olub-olmamasından asılı olmayaraq həmin hüquqi şəxsə qərarların qəbul edilməsində mühüm təsir göstərmək səlahiyyəti verən müqavilə;

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255