SIĞORTA

Təkaful sığortasə nədir? –ŞÜKÜR HÜSEYNOV
04 APREL
1533

Təkaful sığortasə nədir? –ŞÜKÜR HÜSEYNOV

2018-04-04 22:10:00

Təkaful ənənəvi dünyasığortasından fərqlənən, şəriət (İslam hüququ) əsasında həyata keçirilən nisbətən yeni sığorta mexanizmidir. Hazırda bu mexanizmə əsaslanan sığorta həm həyat, həm də qeyri-həyat sığortası sahələri üzrə tətbiq olunmaqdadır. Təkaful sığorta qarşılıqlı yardımlaşma konsepsiyasına əsaslanır və burada bütün münasibətlər iştirakçıların qarşılıqlı kömək və könüllü yardımlaşma niyyətləri üzərində qurulur. Qarşılıqlı yardımlaşma prinsipi, əslində, bu növ sığortanın mahiyyətinin lap özəyində dayanır. Təkaful sığorta ikitərəfli struktura malikdir və əgər belə demək mümkündürsə, o, qarşılıqlı sığortanın və kommersiya sığortasının hibridindən yaranan yeni və fərqli bir mexanizmdir.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

 Bağlanılmasına və ya həyata keçirilməsinə İslam dinində qadağa qoyulan əqdlər və əməliyyatlar, eynilə təkaful sığortada da qadağan olunur. Ənənəvi sığortaya dair ədəbiyyatlarda sığortanın tərifi ən qısa şəkildə belə ifadə olunur: “Sığorta risk(lər)in ötürülməsi mexanizmidir.” Təkaful sığortada isə bu tərif qəbul oluna bilməz və aşağıdakı formada ifadə olunmalıdır: “Təkaful sığorta riskin, zərərin və gəlirin bölüşdürülməsi mexanizmidir.” Təbiidir ki, burada bölüşdürülmə dedikdə, onun maraqlı iştirakçılar arasında bölüşdürülməsi nəzərdə tutulur.

 Təkaful ərəbcə “kəfələ” sözündən götürülüb, mənası “yardımlaşma”,”bir-birinə zamin durma” deməkdir. Təkaful sığorta modeli adi sığortada qarşılaşdığımız sığorta əməliyyatları modelindən kəskin surətdə fərqlənən yeni maliyyə münasibətləri mexanizminə əsaslanır. Bu, bir İslam modelidir və məlumdur ki, İslamda qeyri-müəyyən bir şeyin ticarəti, yəni riskin başqasına ötürülməsi və əvəzində pul verilməsi qadağan olunur. Odur ki, təkaful əməliyyatları risk(lər)in ötürülməsinə deyil, bölüşdürülməsinə əsaslanır. Sığortalılar öz risklərini öz aralarında bölüşdürürlər. Bu məqsədlə onlar ümumi sığorta daxili yaradırlar Burada, bir qayda olaraq, sığortaçı riskləri öz üzərinə götürmür və əslində ümumi daxılın meneceri, əlaqələndiricisi funksiyanı yerinə yetirərək (təkaful operatoru), bu cür qarşılıqlı bölüşdürmənin daha mükəmməl, dəqiq və peşəkarcasına həyata keçirilməsinə şərait yaradır.

 Sığortaçılar təkaful sığorta üzrə daxil olan sığorta haqlarından müvafiq fondlar və ya ehtiyatlar yaradır, həmin fondlarda toplanan resursları investisiyaya yönəldir və gəlir əldə edirlər. Sığortalılar da bu yatırımdan əldə olunan mənfəətdən bəhrələnmək imkanına malik olurlar.

 Bundan başqa, sələmçiliyi ifadə edən pul borcu şəriət qaydalarına zidd olduğu kimi, sığortaçının banklarda yerləşdirilmiş vəsaitlərinin qaytarılması zamanı onun üzərinə müəyyən faiz məbləğinin hesablanması da təkaful sığortaçılarının əməliyyatlarında qadağandır.  Sığortalılar tərəfindən öz risklərini bölüşdürmək üçün təkaful fonduna yığılan yardımlaşma vəsaitləri (sığorta haqları) müəyyən   sahələrə, o cümlədən qeyri-islami bank hesablarına, qeyri-islami qiymətli kağızlara investisiyaya yönəldilə bilməz. Ənənəvi sığortada İslamın qadağan etdiyi qumar elementləri olduğu üçün, təkaful bunu da aradan qaldırır. Belə ki, ənənəvi sığortada sığorta hadisəsi baş verərsə, sığortalı nə isə əldə edir, baş verməzsə, heç nə əldə etmir və ödədiyi pul (sığorta haqqı) da ona qaytarılmır. Təkafuldə isə belə deyildir. Sığorta badisəsi baş verdikdə, sığortalı (təkaful iştirakçısı) sığorta ödənişi alır, baş vermədikdə (sığortaçının uğurlu ilində) və təkaful fondu maliyyə ilini mənfəətlə başa vurduqda ödəmiş olduğu sığorta haqqına mütənasib olaraq, müqavilədə nəzərdə tutulmuş qaydada mənfəətdə iştirak edir. Başqa sözlə, hesabat dövrünün sonunda qazanılan gəlir (aktiv saldo) adi sığortada səhmdarlara məxsus olduğu halda, təkafulda bu,  daxıl iştirakçılarına məxsusdur və iştirak paylarına mütənasib qaydada onlara qaytarılır.

 Təkaful fondunun vəsaitləri İslamda haram sayılan mallara (alkoqollu içkilər, tütün məhsulları, donuz əti və s.) və xidmətlərə (sələm əsaslı banklar, gecə klubları və s.) dair aktivlərlə əlaqəli müəssisə və sahələrə investisiya edilə bilməz.

 Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı üçün formalaşdırılan münasibətlər sistemidir. Bu model hazırda adi sığorta əməliyyatlarına alternativ olan ən uğurlu fəaliyyət mexanizmidir.                                                                            

 Retəkaful təkafulun təkrarsığorta əməliyyatlarını ehtiva edən anlayışdır. Şəriət (İslam hüququ) qaydaları əsasında həyata keçirilən retəkaful təkaful əməliyyatlarını səciyyələndirən bütün prinsipləri əhatə edir. 

 Peşəkar fəaliyyət olaraq ilk təkaful sığorta şirkəti 1979-cu ildə Sudanda təsis edilmişdir. Hazırda dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətlərinin “təkaful pəncərələri” mövcuddur.

 Bu gün dünya maliyyə sistemində təkaful əməliyyatlarının həcmi hiss olunacaq dərəcədə artmaqdadır. Bütün dünyanın maliyyə sistemini çətin vəziyyətə salmış məlum qlobal maliyyə böhranları təkaful sisteminə daha az təsir etmişdir. Məhz bu amil ona olan inamı xeyli artırmış və bu sistem daha sabit bir mexanizm kimi qəbul olunmuşdur. Hazırda təkaful əməliyyatlarının həcmi dinamik olaraq artmaqdadır.

 Şükür Hüseynov

Sığorta eksperti (Fins.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268