SIĞORTA

Həyat sığortasından 69 milyonluq depozit – GERİ ÇƏKİLİB
22 NOYABR
407

Həyat sığortasından 69 milyonluq depozit – GERİ ÇƏKİLİB

2016-11-22 10:32:00

Həyat sığorta bazarı böyüməkdə davam edir. Fins.az-ın məlumatına görə, bu ilin yanvar-oktyabr ayları ərzində sığorta bazarında 3 həyat sığortası şirkəti tərəfindən 125,213 milyon manat sığorta haqqı toplanılıb.

Həyat sığorta bazarı 40,5% böyüyüb

Bu, 40,5 % artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə həyat sığorta bazarında toplanan sığorta haqqlarının ümumi həcmi 89,107 milyon manat olub.

Fins.az-ın məlumatına görə, yığımların  97,466 milyon manatı könüllü həyat sığortaları üzrə 27,747 milyon manatı icbari həyat sığortaları üzrə hesablanıb.

Könüllü həyat növlərində toplanan sığorta yığımlarının  30,971 milyon manatı həyatın ölüm halından sığortasının, 66,251 milyon manatı  həyatın yaşam sığortasının, 206,222 min manatı əmək qabiliyyətinin sığortasının, 37,043 min manatı isə sağalmaz xəstəliklərdən sığorta növünün payına düşüb.

İcbari həyat sığorta növlərinə yalnız bir növ- istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta daxildir. Yəni, 27,747 milyon manat bu sığorta növü üzrə toplanılıb. 

Ödənişlər 2,2 dəfə artıb

Həyat sığorta bazarı üzrə yığımlarla yanaşı, ödənişlər 2,2 dəfə artıb. Bu ilin 10 ayında  həyat sığortası üzrə ödənişlər 75,915 milyon manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 34,170 milyon manat təşkil edib.

Həyat sığortasından 69 milyonluq depozit geri çəkilib

Ödənişlərin 72,428 milyon manatı könüllü həyat sığortaları üzrə, 3,487 milyon manatı icbari həyat sığortaları üzrə hesablanıb. Könüllü həyat növlərində ən böyük ödəniş həyatım yaşam sığortası ilə bağlı olub. Bazar üzrə ödənişlərin 92,2 %-i  vəya 69,986 milyon manatı bu sığorta növü üzrə ödənilib. Maraqlıdır ki, bu növ üzrə ödənişlər yığımlardan 7,2% çoxdur. Könüllü həyat növlərində sığorta ödənişlərinin 2,442 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş xərcləri isə 3,487 milyon manat təşkil edib. 

Zərərlilik artıb

Həyat sığorta bazarının böyüməsi ilə yanaşı, ödənişlərdəki(həyatın yaşam sığortası ilə bağlı) kəskin artım zərərliliyi də artırıb. Belə ki, hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 60,6 manat ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 38,3 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271