SIĞORTA

Elektron sığorta müqaviləsi necə işləyəcək? - İZAHAT
21 OKTYABR
4108

Elektron sığorta müqaviləsi necə işləyəcək? - İZAHAT

2016-10-21 13:16:00

Xəbər verildiyi kimi, 1 noyabr 2016-cı il tarixindən AVSMMİS üzrə standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılacaq. Bəs elektron sığorta müqaviləsi nədir? Bu müqavilələr necə bağlanır və ondan nece istifadə edilir? 

Fins.az İcbari Sığorta Bürosuna istinadən yeniliyin əsas detallarını açıqlayır.

"İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyi rəhbər tutaraq Bu Qanunun 50-3-cü maddəsinin tələbinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası(AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında “ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanılmalıdır.

1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün yeni icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılacaqdır.
Qeyd edək ki, 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.

Elektron sığorta müqaviləsi nədir?
“Elektron imza və elektron sənəd haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən və texniki və proqram vasitələrinin köməyi ilə yaradılan, saxlanılan, emal edilən, ötürülən, qəbul edilən sığorta müqaviləsidir.

Elektron sığorta müqaviləsi hansı qaydada bağlanılır?
Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçməklə sığortaçı öz internet səhifəsində onlayn satışı təşkil edərsə vətəndaşlar birbaşa elektron sığorta müqaviləsini əldə edə biləcəklər. Həmçinin vətəndaşlar avtomobillərinin qeydiyyat şəhadətnaməsini və şəxsiyyət vəsiqəsində olan məlumatları seçdiyi sığorta şirkətinə və ya sığorta vasitəçisinə təqdim etməklə elektron sığorta müqaviləsini əldə edə bilərlər. Daha sonra bağlanılacaq sığorta müqaviləsi üzrə sığortalıya sığorta haqqının ödənilməsi üçün sığortalının müqavilədə göstərdiyi mobil telefon nömrəsinə 9707 qısa nömrəsindən ödəniş kodu qeyd olunmuş SMS daxil olur. Sığortalı elektron poçt ünvanını təqdim etdiyi halda SMS ilə bərabər ödəniş kodu məlumatı sığortalının elektron poçt ünvanına da göndərilir. Sms məlumat və elektron məktubda avtomobilin dövlət qeydiyyat nişanı və ödəniş kodu, həmçinin sığortaçının adı qeyd olunur. Sığorta haqqı ödənildikdən sonra sığortalı ödənişlə bağlı təsdiqləyici SMS alacaq və sığorta müqaviləsi dərhal qüvvəyə minəcək. Sığorta haqqı ödənilmədiyi təqdirdə sığorta müqaviləsi qüvvəyə minməyəcəkdir.

Elektron sığorta müqaviləsi üçün sığorta haqqı hansı qaydada ödənilir?
Elektron sığorta müqaviləsi üzrə sığorta haqqı bank, internet, poçt və ya bank ödəmə terminallarından ödənilə bilər.
Sığorta haqqı ödənildikdən sonra sığortalının sığorta müqaviləsində göstərdiyi mobil telefon nömrəsinə təsdiqləyici məlumat göndərilir.
Elektron sığorta müqaviləsi üzrə sığorta haqqını nağd qaydada sığorta vasitəçisinə ödəmək mümkündür, lakin bu halda sığorta vasitəçisinin ödənişi həyata keçirməsinə əmin olmalısınız. Belə ki bir daha xatırladırıq ki, sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcəkdir.
Sığorta haqqının ödənilməsi Bank, poçt, bank ödəmə terminalı vasitəsi ilə Hökumət Ödəniş Portalı üzərindən aparılır və ödəniş kodu ilə yanaşı sığortalının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN parametrləri ilə də həyata keçirilə bilər.

Elektron sığorta müqaviləsinin etibarlılığını necə yoxlamaq olar?
Elektron sığorta müqaviləsi qüvvəyə mindiyi an sığortalının mobil telefon nömrəsinə təsdiqedici məlumat göndərilir. Təsdiqləyici SMS məlumatlandırma yalnız Büronun 9707 qısa nömrəli SMS xidməti vasitəsi ilə aparılır. Sığortalılar sığorta müqaviləsinin bağlanılması zamanı mobil telefon nömrələrinin müqavilədə düzgün göstərilməsini sığortaçıdan tələb etməlidir.
Büronun internet səhifəsindən http://services.isb.az elektron sığorta müqaviləsinin etibarlı olmasını yoxlamaq mümkündür.
Sığortaçı sığorta müqavilələrinin elektron sənəd formasında bağlanmasını təşkil edərkən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsində göstərilənləri təmin etməli, sığortalıya elektron müqaviləyə çıxış imkanı, həmçinin müqaviləyə baxmaq və çap etmək imkanı yaratmalıdır.

Elektron sığorta müqaviləsi kağız daşıyıcıda təqdim edilə bilər?
Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanununa əsasən elektron sənəd daxili və xarici təqdimat formalarına malikdir. Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli onun daxili təqdimat formasıdir və elektron sənədin əsli yalnız daxili təqdimat formasında ola bilər. Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat formasıdir. Sığortalının istəyi ilə sığortaçı elektron sığorta müqaviləsini xarici təqdimat formasında yəni kağız daşıyıcıda sığortalıya təqdim edə bilər.

Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasının üstünlükləri nədən ibarətdir?
Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçid ilə əlaqədar Büronun elektron informasiya sistemində müvafiq texniki proqram tədbirləri həyata keçirilmişdir və 1 noyabr 2016-cı il tarixindən informasiya sistemi yenilənəcəkdir.
İcbari Sığortalar haqqında Qanunun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız informasiya sistemi vasitəsilə bağlandığı və bu sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Məlum olduğu kimi bəzi hallarda sığorta vasitəçiləri tərəfindən vətəndaşlara təqdim edilən şəhadətnamə blankları sistemə vaxtında daxil edilmir və ya ümumiyyətlə sistemə daxil edilmədən sığortalıya təqdim edilir. Nəticədə sığorta hadisəsi baş verdiyi halda sığortalı və sığortaçı arasında narazılıq yaranır. Yeni sistemə keçiddən sonra sığortalının mobil nömrəsinə müqavilənin etibarlılığı ilə bağlı Büronun 9707 qısa nömrəsindən sığorta haqqının ödənilməsi və sığorta müqaviləsinin qüvvəyə minməsi haqqında təsdiqləyici SMS daxil olacaqdır.

İcbari Sığortalar haqqında Qanunun 4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta haqqının ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ödənilməsindən 3 iş günü müddətində verilir. Bildiyiniz kimi, hazırda bəzi hallarda sığorta bazarında avtomobilin icbari sığorta müqavilələri sığortalılara xəbər edilmədən bağlanılır və daha sonra sığorta haqqının ödənilməsi üçün sığortalılara zəng edilir və onları narahat edirlər. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçiddən sonra sığorta haqqının ödənilməsi barədə sistemə məlumat avtomatik olaraq ötürüləcəkdir. Sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcək və nəticədə sığortalı sığorta haqqını seçdiyi sığortaçının hesabına köçürəcəkdir. 1 noyabr 2016-cı il tarixindən sonra isə sığortalı sığorta haqqını ödəmədiyi halda sığorta müqaviləsinin rəsmiləşdirilməsi mümkün olmayacaqdır.

Bildiyiniz kimi, hazırda bəzi hallarda sığorta vasitəçiləri tərəfindən sığortalıların məlumatları, yanlışlıqla və ya bilərəkdən sistemə səhv daxil edilir və sığorta haqqının hesablanması zamanı Bonus Malus prinsipləri nəzərə alınmır, həmçinin sığorta haqqının süni şəkildə azaldılması halları ilə də rastlaşırdıq. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçid ilə bu problem aradan qaldırılacaqdır, beləki Büronun informasiya sisteminin hüquqi və fiziki şəxslər haqqında olan məlumat bazası ilə inteqrasiyası nəzərdə tutulmuşdur. Sığorta müqaviləsinin bağlanılması üçün hüquqi şəxslərin VÖEN-i, fiziki şəxslərin isə şəxsiyyət vəsiqəsindəki seriya və fin nömrəsi sistemə düzgün daxil edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272