SIĞORTA

Sığortaçılar avtoservisləri tenderlə seçəcəklər – YENİLİK
06 OKTYABR
315

Sığortaçılar avtoservisləri tenderlə seçəcəklər – YENİLİK

2016-10-06 09:48:00

Azərbaycanda sığorta şirkətləri sığortaladıqları avtomobillərin təmiri üçün servis şirkətlərini tenderlə seçəcəklər. Bu barədə fins.az-a «Audatex-Azərbaycan» şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib.

Belə tenderlərin keçirilməsinə imkan verən tender sistemi ilk dəfə olaraq oktyabrın 5-də Bakıda sığortçıların və servis mərkəzlərinin iştirakı ilə keçirilən simpoziumda təqdim edilib.

Sistemdə sığorta şirkətləri və servis mərkəzləri bir-birini siyahı olaraq görə biləcəklər. «Sığorta şirkətləri baş verən hadisə barədə məlumatı və zərər aktını servis şirkətlərinə göndərərək onlardan qiymət təklifi istəyəcəklər.

Servis şirkətləri öz təkliflərini – yəni avtomobili hansı məbləğə təmir edəcəklərini bildirdikdən sonra sığorta şirkəti daha sərfəli şirkəti seçəcək.

Başqa sözlə, avtomobilin təmiri ilə daha sərfəli qiymət təklif edən servis mərkəzi məşğul olacaq. Bu da sığorta şirkətlərinə avtomobillərin təmiri üçün daha optimal variant seçməyə imkan verəcək. 

Servis mərkəzlərinin təklifləri təkcə qiymətə görə deyil, təmir işlərinin müddətinə və təmirin keyfiyyətinə əsasən qiymətləndiriləcək. 

Seçimi daha da sadələşdirmək üçün servis mərkəzlərinin reytinqi də tərtib olunacaq. Reytinqlər sığorta şirkətləri və müştərilərin servislə bağlı fikirləri əsasında formalaşacaq.

Z.Kərimzadənin sözlərinə görə, bu sistemin tətbiqindən sonra sığorta şirkətlərinin ehtiyat hissələri axtarmasına ehtiyac qalmayacaq: «Hətta işlənmiş ehtiyat hissələri bazarı da burada görünəcək. İstənilən tədarükçü burada görünə və öz təklifini verə bilər. Əgər bu təklif sığorta şirkətinə uyğundursa, qəbul edəcək və sifariş ona veriləcək». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275