SIĞORTA

İcbari sığorta bazarında son vəziyyət– STATİSTİKA
09 AVQUST
474

İcbari sığorta bazarında son vəziyyət– STATİSTİKA

2016-08-09 14:15:00

Azərbaycanda icbari sığorta bazarı böyüyür. Bu ilin birinci yarısının icbari sığorta növləri üzrə yığım və ödənişlərlə bağlı nəticələri bunu deməyə əsas verir.

Fins.az-ın məlumatına görə, bu ilin ilk 6 ayında icbari sığortalar üzrə ümumi yığımların həcmi  21,48 % artaraq 108  212  278 manat olub. Halbuki 2015-ci ilin ilk 6 ayında icbari sığortalar üzrə toplanan sığorta haqları 89  080 847 manat təşkil edib.

Ötən müddətdə sığorta ödənişləri isə 28 % artıb. Ötən ilin eyni dövründə 20 524 632 manat ödəniş edilibsə, bu il  bu rəqəm 26 274 839 manat olub.

Hərbçilərin sığortası  2,04 dəfə artıb

İcbari sığorta bazarının 80,3 %-i icbari qeyri-həyat sığortasının,  qalan hissəsi (19,7%) isə icbari həyat sığortasının payına düşüb. İcbari sığorta növləri arasında ən böyük artım hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasında hiss edilir. 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu növ üzrə yığımlar 2,04 dəfə, ödənişlər 2,03 dəfə artıb. Məhkəmə və hüquq mühafizə işçilərinin icbari sığortasında da böyük artım müşahidə edilir- 94,5 %  .

Cərimələrə görə  icbari avtomobil sığortası necə dəyişib?

İcbari sığorta bazarının böyük hissəsini təşkil edən avtomobillərin sığortasında da artım müşahidə edilir. Bu ilin yanvar-iyun aylarında icbari avtomobil sığortası üzrə yığımlar 18,9 % artaraq 42 894 302 manat təşkil edib. Ötən ilin eyni dövründə sığorta şirkətlərinin bu növdən topladıqları pulun ümumi həcmi 36 057 332  manat olub. 

Avtomobillərin icbari sığortası bazarının böyüməsi ilə ödənişləri də xeyli artırıb. Belə ki, icbari avtomobil sığortası üzrə ümumi zərərlər 13,6 % artıb. Məsələn, 2015-ci ilin ilk 6 ayında 15 359 554 manat ödəniş verilib. Bu il bu rəqəm 17 445 276 manata kimi artıb.

“Azərsığorta” şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev  fins.az-a bildirib ki, ilin əvvəlindən etibarən avtomobillərin icbari sığortası ilə bağlı nəzarət mexanizminin gücləndirilməsi vəziyyətə ciddi təsir göstərib. Belə ki, icbari sığortası olmayan avtomobillərə görə cərimələr artırılıb:

”Sürücü artıq düşünür ki, 50 manatı cəriməyə verməkdənsə, avtomobili sığortalamaq daha sərfəlidir.Ona görə də avtomobillərini icbari sığortalayanlar artıb”.  

Əmlak sığortasında azalma

Bəzi icbari sığorta növlərində  isə azalma müşahidə edilir. Xüsusilə də, bunu daşınmaz əmlakla bağlı icbari sığorta növlərinə aid etmək olar.

Yanvar-iyun aylarının statistikası evlərini və əmlaklarını sığortalayanların azaldığını göstərir.  Ötən il daşınmaz əmlakın icbari sığortası üzrə  18 183 541 manat sığorta haqqı toplanıbsa, bu ilin eyni dövründə bu rəqəm 16 758 403 manat olub. Bu da 7,8 % azalma deməkdir.

Daşınmaz əmlakla bağlı mülki məsuliyyətin icbari sığortasında daha çox azalma var. Ötən ilin birinci yarısı ilə müqayisədə bu növdə sığorta yığımları 20,5 % azalaraq  187 200 manat olub.  A.Hacıyev  bildirib ki, hazırda ölkə üzrə 2 milyondan çox yaşayış evləri var. Onların cəmi 0,6 %-i icbari qaydada sığortalanıb. O hesab edir ki,  icbari əmlak sığortası ilə bağlı azalmanın bir neçə səbəbi var. Belə ki, bu növ üzrə hər hansı bir nəzarət mexanizmi yoxdur. Məsələn, avtomobillərin icbari sığortasında olduğu kimi böyük cərimələr tətbiq edilməyib.

Bundan əlavə, daşınmaz əmlakın icbari sığortası üçün evlərin “kupça”sı tələb edilir. Məlum olduğu kimi, Azərbaycanda evlərin 70-80 %-nin bu sənədi yoxdur. Bu da digər tərəfdən daşınmaz əmlakın icbari sığortasının inkişafına mane olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270