SIĞORTA

Palata qanunsuz sığorta agenti «ovu»na - BAŞLAYIB
25 İYUL
1181

Palata qanunsuz sığorta agenti «ovu»na - BAŞLAYIB

2016-07-25 12:42:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta agentlərinin «ovuna» başlayıb. Söhbət sığorta satışı zamanı müştərilərə qanunsuz endirim və güzəştlər təklif edən, saxtakarlıqlara əl atan agentlərin aşkar edilərək onlar barədə tədbirlərin görülməsindən gedir. İyul ayının 22-də Palatada sığorta agent və agentliklərinin bir qismi ilə görüş keçirilib. Görüşdə bildirilib ki, Palatanın qadağa və xəbərdarlıqlarına baxmayaraq endirim və güzəştləri davam etdirən agentlərə qarşı ciddi sanksiyalar tətbiq ediləcək. Sanksiyalara cərimələr,sığorta agentli lisenziyasının müvəqqəti, növbəti dəfə birdəfəlik ləğv edilməsi və hətta cinayət məsuliyyətinə cəlb edilmə aiddir. 

Qanunsuz endirim edən bir agent aşkarlanıb

Fins.az-ın məlumatına görə, Palata belə saxtakarlıq hallarının üzə çıxması üçün “kontrol alış”lara başlayıb. Yəni, qurumun nümayəndələri adi müştəri qismində hər bir agentdən güzəşt və endirimlər üçün müraciət etməyə başlayıblar.Bu vasitə ilə qadağalara məhəl qoymayan agentlər aşkar edilir.Artıq bu vasitə ilə endirim edən sığorta agentlərindən biri müəyyən edilib.Ona qarşı sanksiya tətbiq ediləcəyi gözlənilir. 

Subagent satışlarına da son qoyulacaq

Görüşdə iştirak edən sığorta agenti Şahin İsmayılov fins.az-a bildirib ki, sanksiyaların tətbiqi ilə bazarda agentlərin nümayəndəsi olaraq satış həyata keçirən subagentlərin sayı azalacaq. Belə ki, bir agentin gün ərzində maksimum 10  müqavilə bağlama fiziki imkanı yetər. Amma agentlər gün ərzində 50, hətta 70 müqavilə bağlayırlar. Və yaxud müqavilərinin bir qismi eyni vaxtda həm Bakıda, həm də Sumqayıtda bağlanıb. Bu zaman üzə çıxır ki, şəhadətnamələri agentin özü deyil, onun subagentləri yazıb. Ona görə də artıq subagent fəaliyyətini gizlətmək mümkün olmayacaq.  Ş.İsmayılov hesab edir ki, subagentlərin böyük hissəsinin bazardan çıxması agentləri gözlənilməyən risklərdən sığortalayacaq. Belə ki, bəzi hallarda subagentlər agentin adına müqavilələri bağlayaraq 3-5 min manatlıq sığorta haqqlarını yığıb aradan çıxırdılar. Öhdəlikləri yerinə yetirmək isə agentin üzərinə düşürdü. 

«Müştərilərin narazılıqları aradan qalxacaq»

Bundan əlavə müştərilərə qarşı saxtakarlıq hallarının da böyük hissəsi subagentlərlə bağlı idi. Çünki müqavilə agentin adına yazıldığı üçün onun üzərində hər hansı bir məsuliyyət yox idi. Amma indi bu saxtakarlıq hallarının sayı da kəskin azalacaq. Nəticədə sığorta mübahisələrinin, müştərilər arasında sığorta narazılıqlarının sayı azalacaq. 

“İcbari sığorta satışında sağlam rəqabət olacaq”

Digər tərəfdən, artıq heç kim endirim etməyə cürət edə bilməyəcəyindən sığorta bazarında sağlam rəqabət yaranacaq. Yəni, müştəri qiymətlər eyni olduğundan xidmətin kefiyyətinə diqqət yetirəcək. Hansı sığorta şirkəti kefiyyətli xidmət təqdim edirsə, onunla müqavilə bağlayacaq.    

Sığorta şirkətləri agentlərə əlavə xərc çəkməyəcəklər

Endirimlərlə bağlı qadağaların sığorta şirkətləri üçün də müsbət cəhətləri var.Beləı ki, endirim edən sığorta agentlərinə şirkətlər əlavə ödəniş etmək məcburiyyətində qalırdı.Məsələn,sığorta agenti 50 min manatlıq satış edirdisə, buna görə 10 min manat deyil, endirim etdiyi üçün 2 min manat gəlir əldə edirdi. Sığorta şirkəti agenti razı salmaq üçün əlavə 2-3 min manat komisyon verirdi. İndi isə sığorta agenti ona qalan komisyon haqqın hamısı əldə etdiyi üçün əlavə ödənişə ehtiyac qalmayacaq. 

“Zəng vurub endirim təklif edən agentlər azalıb”

Ş. İsmayılov artıq sığorta bazarında endirim təkliflərinin azaldığı deyir: “Belə ki, bir ay əvvəl zəng vuran müştəri endirim istəyirdi. Etiraz edəndə ona edib daha aşağı qiymətə sığorta təklif edildiyini bildirirdi. İndi isə müştəri zəng vurub agentdən sadəcə  10-15 manat endirim etməsini istəyir”. Onun sözlərinə görə, endirimlərin ləğv edilməsi satışlara təsir etməyib.Belə ki, avqust ayında ölkə üzrə avtomobillərin 50-60%-nin texniki baxışdan keçməlidir.Bu isə icbari sığortaya tələbatı artırır. Yəni, müştəri qiymətdən aslı olmayaraq icbari sığortanı almağa məcbur olur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270