SIĞORTA

Qərb bölgəsində tufanla bağlı - SIĞORTA MÜRACİƏTLƏRİ BAŞLADI
25 MAY
324

Qərb bölgəsində tufanla bağlı - SIĞORTA MÜRACİƏTLƏRİ BAŞLADI

2016-05-25 15:48:00

Mayın 23-dən etibarən Qərb bölgəsində hava şəraitinin dəyişməsi bir sıra fəsadlara  səbəb olub. Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir və Gəncədə evlərə və əkin sahələrinə ziyan dəyib.Fins.az-ın məlumatına görə, bəzi yerlərdə evləri su basıb.Bəzi yerlərdə isə dolu və külək evlərin dam örtüyünü uçurub.  Evlərə və əmlaklara dəyən ziyanla bağlı artıq sığorta şirkətlərinə müraciətlər başlayıb. 

Tovuzda ildırım vuran ev dağıldı

 “Azərsığorta” şirkətinin Tovuz filialından fins.az-a verilən məlumata görə, rayonunun kəndlərində evləri və əkin sahələrini su basıb. 5-6 nəfər  yardım edilməsi üçün sığorta şirkətinə müraciət edib. Amma vətəndaşlar əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq  evlərini sığortalamayıblar.  Filialın sədri Raya Bayramovanın sözlərinə görə,  vətəndaşlar  qaz və elektrik xərclərini ödəməkdə çətinlik çəkirlər. Ona görə də sığorta haqqında danışmağın əhəmiyyəti yoxdur. R.Bayramovanın sözlərinə görə, ziyan dəyən evlərdən biri sığortalı olub. Belə ki, mayın 23-də Böyük Qışlaq kəndində  evi ildırım vurub. Nəticədə kənd sakinin evi tamamilə dağılıb. Rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb. Komissiyanın qərarından sonra vətəndaşa sığorta ödənişi veriləcək. 

Gəncədə evin dam örtüyü uçub- 400 manat ziyan

Şirkətin Şəmkir filialından fins.az-a verilən məlumata görə, evlərə dəyən ziyan çox olsa da, müraciət edənlərdən  yalnız birinin evi sığortalı olub. Külək evin dam örtüyünü uçurub.  Vətəndaşa 200-300 manat məbləğində ziyan dəyib.  Gəncədə ziyan dəyən evlərlə bağlı  isə “Azərsığorta”ya 2 müraciət daxil olub. Filialın müdiri Xankişi Əsgərov  müraciət edən vətəndaşlardan birinin evinin sığortalı olduğunu deyib. Dam örtüyü uçan evə 300-400 manat ziyan dəyib. 

Evlərini sığortalamayan Gədəbəy sakinləri sığorta şirkətindən yardım istəyir

Doludan zərər çəkən Gədəbəy sakinləri isə sığorta şirkətindən yardım istəyir. “Azərsığorta”nın yerli filialından verilən məlumata görə, dolu nəticəsindən evlərinə ziyan dəyən kənd sakinləri evlərini əvvəl sığortalamasalar da, indi şirkətdən yardım istəyirlər. Amma evlər sığortalı olmadığı üçün ödəniş verilə bilməz.   

Göygöldə “Vaz 2016” sıradan çıxdı

 “Azərbaycan Sənaye Sığorta” şirkətinin Gəncə filialından fins.az-a verilən məlumata görə,  evlərə və əmlaklara dəyən ziyanla bağlı hələlik heç bir müraciət edilməyib.  Yalnız avtmobilə dəyən ziyanla bağlı Göygöl şəhərindən bir müraciət daxil olub. Güclü yağış nəticəsində yararsız hala düşən sulu-palçıqlı torpaq yolda “Vaz 2106”nın avtmobilinin  yan hissəsi əzilib. Maşına 300-400 manat ziyan dəyib. Amma avtomobilin yalnız icbari sığortası olub.Filialın müdiri Elnur Abdullayev bildirib ki, icbari sığorta üzrə  belə halda dəyən ziyana görə ödəniş verilmir. 

“Azsığorta”: “Dolu mağazanı dam örtüyünü ziyan vurub”

“AzSığorta” şirkətinə isə dolu vuran mağaza sahibi müraciət edib. Şirkətdən fins.az-a verilən məlumata görə, Daşkəsəndə  güclü dolu zamanı icbari sığortalı mağazanın bir neçə şiferi yararsız hala düşüb. Mağaza sahibinə 200 manat ziya dəyib. Amma araşdırma zamanı məlum olub ki, azadolma məbləği 200 manat nəzərdə tutulub. Ona görə də mağazaya sığorta ödənişi düşməyib.

Bu şirkətlərə müraciət edən olmayıb

Bəzi sığorta şirkətləri isə ölkənin qərb regionunda, xüsusilə də Tovuz, Daşkəsən, Gədəbəy və Gəncədə sığortalı müştərilərinə ziyan dəymədiyini deyirlər.  “AXA MBASK”,“Standard İnsurance” və “ AtaSığorta” şirkətindən fins.az-a verilən məlumata görə,  hələlik  evlərə və digər əmlaklara dəyən ziyanla bağlı  hər hansı bir müraciət edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271