SƏNƏDLƏR

Prezident Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin təsis edilməsi barədə fərman imzalayıb
01 AVQUST
95

Prezident Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin təsis edilməsi barədə fərman imzalayıb

2018-08-01 11:59:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis ediləcək.

Bundan başqa, “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib.

Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsə keçir.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.

Müşahidə Şurasının 5 üzvünü İqtisadiyyat Nazirliyi, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

Maliyyə Nazirliyi;

Vergilər Nazirliyi;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

Maliyyə Bazarlarına Nəzarət Palatası.

Fondun nizamnamə fondu 1 094 254 581 (bir milyard doxsan dörd milyon iki yüz əlli dörd min beş yüz səksən bir) manatdır və ona verilmiş əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251