KƏND TƏSƏRRÜFATI

Yeni alma sortu
10 APREL
192

Yeni alma sortu

2019-04-10 10:14:00

Aqrar Elm və İnnovasiya Mərkəzinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yeni elmi nəticə əldə olunub. Alimlər tərəfindən qışlıq “Qırmızı Cibir x Əyyubi” sortlarının tozlandırılmasından yeni sort alınıb.

Fins.az xəbər verir ki, yeni sort “Sədəf” adlandırılıb. “Sədəf” qışlıq sortdur. Ağacı orta boylu, çətiri tərs piramida formasındadır. Hündürboylu calaqaltı üzərində 4-5 yaşında, vegetativ yolla artırılan calaqaltılar üzərində isə 2-3 yaşında məhsul verməyə başlayır. Sortun orta məhsuldarlığı hektardan 280-350 sentner təşkil edir.

Meyvəsinin orta kütləsi 155-170 qram olub, əsas rəngi sarımtıl-qırmızı, örtücü rəngi al qırmızı, ləti sarımtıl və şirəli, tamı turş-şirindir. Süfrə və sənaye əhəmiyyətlidir. Dequstasiya qiyməti 5 bal olan “Sədəf” qışlıq sortunu adi otaq şəraitində mart ayına kimi saxlamaq mümkündür. Tərkibində 9,5 faiz quru maddə, 8,3 faiz şəkər, 0,51 faiz turşuluq, 5,41 mq/% “C” vitamini var. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Tozlayıcı sortları “Qolden Delişes” və “Starkrimson” sortlarıdır. İntensiv və superintensiv tipli meyvə bağlarının əkilməsi üçün yararlı sortlardan biri hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265