KƏND TƏSƏRRÜFATI

Rayonların əhalisi çıxılmaz vəziyyətə düşüb - Gözlənilməz zərbə
25 DEKABR 2018
2424

Rayonların əhalisi çıxılmaz vəziyyətə düşüb - Gözlənilməz zərbə

2018-12-25 17:52:00

Ötən il sarımsaq yüksək qiymətə satıldığından, bu il fermerlər sarımsaq əkməyə kütləvi maraq göstəriblər və əsas güclərini bu istiqamətə yönəldiblər. Lakin hazırda çox sıxıntı ilə üz-üzə qalıblar. Belə ki, indi həm sarımsağa alıcı tapılmır, həm də qiymətlər çox aşağıdır. Bu səbəbdən də tonlarla məhsul anbarlarda qalıb.

Fins.az-ın məlumatına görtə, Ağsu rayonundan olan fermerlər Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, ötən il kiloqramı 5-6 manata satılan sarımsağa bu il 0.8-1 manata belə, alıcı tapa bilmirlər. Çıxış yolunu qiymətlər sabitləşənə qədər məhsulu anbarlarda saxlamaqda görsələr də, problem heç də həll olunmayıb.

Fermerlər deyiblər ki, anbarlara toplanan məhsulun çəkisində 30-40 faiz azalma baş verir. Bir qədər də belə davam edərsə, anbarlarda qalan məhsul zay olacaq.

Göyçayda da bu il sarımsaq əkini çoxalıb. Ötən il rayon ərazisində 36 hektar sahədə sarımsaq əkilmişdisə, bu il bu rəqəm 74 hektara çatıb. Hər hektar sahəyə 400-450 kiloqram toxum əkən fermerlər builki məhsuldarlıqdan razıdırlar.

Sarımsaq əkini rayonun, əsasən, çay ətrafı kəndlərində aparılıb. İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikkənd, Şıxbəy və Şıxəmir də daxil olmaqla, 17 kənddə sarımsaq becərilib.

Təsərrüfatçılar gələcəkdə əkin sahələrini daha da genişləndirməyi planlaşdırırlar. Göyçayın Şıxbəy kəndindən olan təsərrüfatçı Sərkər Süleymanov növbəti mövsüm 5 hektar sahədə sarımsaq əkməyi planlaşdırır. Əsasən, yerli Şirvan sortuna üstünlük verən fermerlər bunun həm istiyə, həm də 40-45 dərəcə soyuğa davamlı olduğunu deyirlər.

Lakin yuxarıda qeyd olunan iki problem fermerləri sıxıntıda və tərəddüddə saxlayır. Və onlar necə bir qərar verməli olduqlarını bilmirlər.

"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a bildirilib ki, bölgələrdə sahələrdə qalmış məhsulların bazarlara çıxarılması ilə bağlı işlər davam etdirilir: "Digər kənd təsərrüfatı məhsullarının, eləcə də sarımsağın yerli bazarlara, yarmarkalara və ehtiyac yarandıqda xarici bazarlara çıxarılması istiqamətində işlər davam etdiriləcək".

Qurumdan o da qeyd olunub ki, yaranmış ən böyük problemlərdən biri də fermerlərin məhsulları daxili bazara çıxarmağa yox, elə anbarlarda saxlamağa üstünlük vermələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264