ƏRZAQ SƏBƏTİ

Azərbaycana 100 milyonlarla valyuta - QAZANDIRACAQ MƏHSUL
07 SENTYABR
3126

Azərbaycana 100 milyonlarla valyuta - QAZANDIRACAQ MƏHSUL

2016-09-07 13:56:00

Sentyabrın 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Salyanda pambıqçılar ilə görüşündə “bizə valyuta gətirən ixrac məhsulları lazımdır” deyərək, ölkəmizin valyutaya böyük ehtiyacının olduğuna işarə etdi.

Son aylar dolların bahalaşması davamlı xarakter alıb. İndiki vəziyyətdə dolların bahalaşması Azərbaycan vətəndaşının ziyanınadır. Marketlərdə qiymətlər artır, satışlar azaldığından iş yerləri bağlanır, məzənnə qeyri-sabit olduğundan investisiyalar təxirə salınır.

Dolların qalxmasının əsas səbəbi ölkəmizə valyuta gətirə biləcək qeyri-neft sektorunun zəif inkişaf etməsidir. Eyni zamanda, hələ də bir çox yeyinti məhsulları üzrə  idxaldan asılıyıq. 

DOLLARA OLAN TƏLABATI AZALDA BİLƏRİK

Dövlət Gömrük Komitəsinin statistikasına nəzər saldıqda məlum olur ki, Azərbaycan hər il təxminən 1 milyard dollar dəyərində yeyinti məhsulları idxal edir. Bir neçə yüz milyon dollar dəyərində də yeyinti məhsullarının istehsalı üçün tələb olunan xammal, yarımfabrikatlar, yemlər və s. xaricdən alınır. Əgər daxili istehsalı təmin edib, 1 milyard dolların böyük bir hissəsinin ölkədə qalmasına və təxminən bir o qədər ixraca nail olsaq ən azı 2 milyard dollar valyutanın ölkə daxilində qalmasına nail ola bilərik. Bu məbləğ Azərbaycan üçün kiçik məbləğ deyil. Nəzərə alsaq ki, bu ilin yarım ili ərzində  dolların məzənnəsinin saxlanılması üçün keçirilən hərraclarda Mərkəzi Bank və Neft Fondu tərəfindən banklara təxminən 2,5 milyard dollar satılıb.

Qeyd edək ki, artıq 2016-cı ilin yanvar-iyun ayları ərzində təkcə yeyinti məhsularına görə 701 milyon dollar xaricə çıxıb və bu məbləğin ilin sonunda 1 milyard dolları ötəcəyi gözlənilir.

BUNA NƏ AD VERƏK?!

Bir “iPhone”-a, “Mercedes-Benz” avtomobilinə, tibb avadanlğına və digər bu kimi texnoloji məhsullara görə ölkədən valyuta axmasına haradasa haqq qazandırmaq olar.  Diri heyvanları, yağları, süd məhsullarını, meyvə-tərəvəzi, buğdanı, yemi xaricdən almağımıza ad vermək olmur. Axı bizim gözəl iqlim şəraitimiz, məhsuldar torpaqlarımız və əmksevər insanlarımız var...

ƏLAVƏ DƏYƏRİ YÜKSƏK OLAN MƏHSULLARA DİQQƏT YETİRİLMƏLİDİR

Yerli və xarici mütəxəssislər qısa müddətdə Azərərbaycana valyuta gətirə biləcək, iqtisadi inkişafı sürətləndirəcək, yeni iş yerləri aça biləcək sahənin kənd təsərrüfatı ola biləcəyini söyləyirlər. Kənd təsərrüfatını inkiaf etdirərkən, hansı məhsulların yetişdiriləcəyi böyük önəm daşıyır. Ölkəmizdə məhdud resursların (torpaq, su) israfı önlənərək əlavə dəyəri yüksək olan məhsulların istehsalı təşviq edilməlidir. Məsələn, soya və qarğıdalı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-ci ildə ölkəmizdə 25 000 ton paxlalılar istehsal olunub. Paxlalılara noxud, lobya, mərci, soya daxil olduğundan bu həcmin nə qədərinin soya olduğu dəqiq deyil. Azərbaycanda ən çox paxlalılar Lənkəran və Naxçıvan iqtisadi rayonlarında əkilir. Digər iqtisadi rayonlarda əkin sahələri olduqca azdır.

Azərbaycanda son illər dən üçün qarğıdalı istehsalı da artıb. 2014-cü ildə təxminən 38 min hektar sahədən 204 min ton qarğıdalı yığılıb. Amma bu həcmlər təlabatı ödəmir.

Ölkəmizin quş əti, mal əti və süd məhsullarına olan tələbatının yarıdan çoxu yerli istehsal hesabına ödənilir. Amma quşçuluğun və heyvandarlğın yemə olan təlabatının xeyli hissəsi hələ də idxal hesabına təmin edilir. Yəni, ölkə ərazisində bəslənən heyvanların da yemi bizi xarici valyutadan asılı edir.

ƏN QİYMƏTLİ SƏNAYE BİTKİSİ

Soya əkinlərinin artırılması Azərbaycana bir sıra mal qrupları üzrə idxalın aşağı düşməsinə səbəb ola bilər. Bu fikrimi əsaslandırmaq üçün, soya bitkisi haqqında qısa məlumatı sizinlə bölüşmək istəyirəm.

Soya bitkisi, dənin orta hesabla 18-24%-i yağ, 40%-i zülal, 30%-i karbohidrat, 5%-i mineral maddə və çoxlu sayda vitamin və protein ilə zəngin bitki kimi tanınır. Dünyada istehsal olunan bitki yağlarının 50%-i soyanın payına düşür.  Soya, insan qidası olmaqla bərabər, heyvan yemi kimi də istifadə edilir. Soya yemi, tərkibində yüksək miqdardakı zülallar səbəbindən ev heyvanları üçün çox faydalıdır. Dünya yem istehlakının  70%-i soyanın payına düşür. Soya dəninin ununu heyvanların rasionuna qatıb versək kütləsi 30%, südvermə qabiliyyəti  25%, quşların yeminə 10 qram qatılılarsa kütləsi 39% artır, yumurtası 20%-ə qədər çoxalır. Kənd təsərrüfatı baxımından da faydaları olan soya, atmosferdəki azotu torpağa ötürərək özündən sonra əkiləcək bitkilərin məhsuldarlığını artırır. Bu xüsusiyyətləri ilə bərabər, soya, sənayedə də ən çox istifadə edilən bitkilər arasındadır. Soya; Un, süd, qatıq və pendir istehsalı ilə yanaşı, boya, brezent, yapışqan kimi bir çox sənaye məhsulunun istehsalında istifadə edilir.  Soya bitkisi, həmçinin bioloji yanacaq istehsalında da istifadə edilir. Bu gün soyadan əldə edilən sənaye məhsullarının sayı  400-ə çıxmışdır. Hər cəhətdən faydalı bir bitki olan soya, dünyanın ən qiymətli sənaye bitkiləri arasında yerini almışdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə ölkəmizə təxminən 343 milyon 376 min  dollar dəyərində dənli bitkilər idxal olunub.  Bu məbləğin təxminən 297 milyon dolları buğdanın payına düşüb. Qalan 46 milyon dollar məbləğə əsasən qarğıdalı və soya idxal olunub.

Ötən il bitki və heyvan mənşəli yağların (kərə yağı xaric) idxalına ölkəmizdən təxminən 84 milyon dollar çıxıb. Bundan başqa, ötən il 24 milyon dollar dəyərində heyvanlar üçün hazır yemlər, 10,5 milyon dollar yağlı toxum, digər və yem idxal olunub.

Əgər ölkəmizdə soya əkinləri genişləndirilsə, quşçuluğun soya və qarğıdalı yeminə ola təlabatı daxili istehsal hesabına ödənilsə, soya yağı istehsalı artırılsa ən azı 100 milyon dollara qənaət etmək olar. Bu vəsait xarici istehsalçılara ödənilməyəcək, öz istehsalçılarımızın, fermerlərin cibində qalacaqdır.

BU DA VALYUTA GƏTİRƏN İXRAC MƏHSULU

Soyanın ixracından da gəlir əldə edə bilərik. Yağına və yeminə böyük təlabat olduğundan soyaya bazar tapmaqda çətinlik yoxdur. Bir sıra qonşu ölkələr soya yemi və yağının idxalına yüz milyonlarla dollar vəsait xərcləyirlər.

Məsələn, qonşu ölkələrdən Türkiyədə soya az əkilir, ölkə hər il soya idxalına yarım milyard dollar sərf edir. Türkiyədə yanacaq və mazutun baha olması və soyaya verilən kənd təsərrüfatı dəstəyinin az olması səbəbindən soya əkin sahələri artmır. Azərbaycan isə neft məhsulları istehsalçısı olduğundan bir sıra qonşularından üstünlüyə malikdir.

Bu gün ABŞ, Braziliya, Argentina soya idxal edən ölkələrə bu məhsulun tonunu 950-1000 dollara satırlar. Soya yeminin tonu  300 dollardan, yağı isə 720 dollardan bahadır.

Qeyd edək ki, soya qiymətləri artmaqdadır. Ötən il soyanın tonu 700-800 dollar arasında dəyişirdi. Qiymətlərin artması quşçuluğa mənfi təsir göstərir və yem xərcləri artdığından toyuq ətinin də qiymətləri arta bilər.

ƏKİN ÜÇÜN TORPAQ AYRILMALIDIR

Azərbaycanda soya əkinlərinin az olmasının səbəbləri aşağıdakılardır:

-iş adamlarının və fermerlərin soya bitkisi haqqında az məlumatlı olması,

-Soya toxumunun əldə olunmasında çətinliklər;

-Bitkinin əkilib-becərilməsi üçün müasir texnika çatışmazlığı

-Soya əkən subyektlərə təşviq və dəstəklərin verilməməsi,

-Soyanın saxlanmasının çətin olması. Soya qarğıdalı və buğda ilə müqayisədə daha tez xarab ola bilir. Bunu üçün yağ emalı müəssisələri qurulmalı, broyler təsərrüfatlarından məhsulun alınacağına zəmanət verilməlidir,

-Soya əkininə az yer ayrılması.

Qeyd edək ki, sonuncu problem ciddidir. Torpaq mülkiyyətçilərindən fərqli olaraq quş əti istehsalçıları soyanın faydalarından xəbərdar olsalar da, əkin apara bilmirlər. Səbəbi isə torpaqlarının olmamasıdır. Tezliklə potensial sahələr müəyyən olunaraq dövriyyəyə buraxılmalıdır.

Ölkə ərazisindəki torpaqların məhsuldarlıq göstəricilərinə diqqət yetirdikdə, yem tədarükündə xarici valyutadan asılılığın aradan aldırılmasının o qədər də çətin bir iş olmadığı görünür. Bu gün Azərbaycanda dünyada mövcud standartlara uyğun olaraq, suvarılan torpaqlarda 1 hektardan 12 ton qarğıdalı hasil edilir. Dəmyə əkinçiliyi ilə hər hektar torpaqdan 3 ton soya əldə etmək mümkündür. Ölkənin iqlim və torpaq şəraiti qarğıdalı və soyaya ölkənin tələbatını tam təmin etməyə imkan verdiyi halda, hər il xaricə milyonlarla dollar ötürməyə nə lüzum var? Ölkənin yemlik qarğıdalıya tələbatını ödəmək üçün hazırda becərilən torpaqlardan əlavə, təxminən 15 min ha yaxın torpaq sahəsi kifayətdir. Ümumilikdə, 45 min hektaradək sahəni də əkinə cəlb edib, yüksək məhsuldarlıqla, ölkənin qarğıdalı və soyaya olan ehtiyacını 100% qarşılamaq olar.

İllərlə boş qalmış və gücünü itirmiş əkinə yararlı sahələr xeyli çoxdur. Dövlətin istifadəsiz qalmış torpaqları dövriyyəyə qatmaq istəyi var. İstək olarsa, soya əkmək məsuliyyətini üzərinə götürəcək yerli iş adamlarını da tapmaq olar. 

Mənbə: Marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272