SAĞLIQ

Birgə əczaçılıq müəssələri yaradılır
22 İYUL
227

Birgə əczaçılıq müəssələri yaradılır

2016-07-22 09:28:00

Azərbaycan və Rusiyanın əczaçılıq məhsulları şirkətləri ümumi dəyəri 47 mln. avro olan layihə reallaşdıracaqlar.

Fins.az-a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında bu qeyd olunub.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xüsusi əhəmiyyət kəsb edən əczaçılıq məhsullarının istehsalının təşkili üzrə işlər davam etdirlir.

İranın ən böyük əczaçılıq holdinqi olan və 31 şirkətin daxil olduğu “Tamin Pharmaceutical İnvestment Company” şirkəti ilə bu ilin aprelində Anlaşma Memorandumu imzalanıb. Layihəyə uyğun olaraq, istehsal müəssisəsinin yaradılması mərhələli şəkildə həyata keçiriləcək. I mərhələdə həb və kapsula istehsalı, II mərhələdə ampula və flakon, III mərhələdə isə antibiotik dərmanların istehsalı nəzərdə tutulur. Müəssisə tərəfindən I mərhələdə 54 təsiredici maddə üzrə 84 adda ağrıkəsici, vitamin və antiinfektiv, antidiabetik, antihistamin, sinir sistemi xəstəliklərinə və qastroentroloji xəstəliklərə qarşı dərmanlar istehsal olunacaq. Layihənin I mərhələsi çərçivəsində 60 daimi iş yeri açılacaq.

Əczaçılıq məhsullarının istehsalı üzrə danışıqların aparıldığı digər şirkət Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Bu ilin iyun ayında təşkil edilmiş Rusiya-Azərbaycan biznes forumu çərçivəsində "R-Farm", Azərbaycanın "Vita-A" MMC və Azərbaycan İnvestisiya Şirkəti arasında əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb. Layihənin icrası məqsədilə “Həyat Farm” MMC təsis edilib. Ümumi dəyəri 47 mln. avro olan layihənin reallaşması zamanı qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Birgə Müəssisə tərəfindən onkologiya, QİÇS, hepatit, nevrologiya və psixiatriya istiqamətli dərmanlar və antibiotiklərin istehsal edilməsi, 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal ediləcək məhsulların yerli bazarla yanaşı, Gürcüstan, İran, Türkiyə, Mərkəzi Asiya və Ukrayna bazarlarında satışının təşkili planlaşdırılır.

Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə, Ukrayna, Almaniya, İsveçrə və digər ölkələrin aparıcı şirkətləri ilə danışıqlar aparılır. Artıq dünyanın aparıcı əczaçılıq müəssisələrindən biri Azərbaycanda yaradılacaq əczaçılıq istehsalı müəssisəsində özünün patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkili niyyətini ifadə edib.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272