PR

Paylaş, indi!
10 İYUL
85

Paylaş, indi!

2019-07-10 15:32:00

Günümüzdə demək olar ki, bütün markaların sosial şəbəkələrdə hesabları mövcuddur. İnsanların sosial şəbəkələrdə daha çox vaxt keçirdiyini nəzərə alan şirkətlər öz məhsul və xidmətlərini sosial media üzərindən tanıtmağa, reklam etməyə maraqlıdır. Bu yolla onlar daha çox auditoriya qazanmaq, markalarını daha çox insana nümayiş etdirmək istəyir.

Təbii ki, reklamın daha çox kütləyə çatması üçün daha uyğun, daha yaxşı vaxtda paylaşım etmək vacibdir.

“Oberlo” sosial şəbəkələr üçün “ən yaxşı” paylaşma vaxtlarını və digər statistik məlumatları araşdırıb. Nəticələr aşağıdakı kimidir:

“Instagram”da post paylaşmaq üçün ən yaxşı vaxt gündüz 11:00-13:00 arası, axşam saat 19:00-21:00 arası hesab olunur. Bu sosial şəbəkəyə ən çox mobil telefonla giriş edilir. Araşdırmaya görə, bu sosial şəbəkədən işçilər iş vaxtı “gözdən yayınmaq” məqsədilə istifadə edir. “Instagram”da paylaşımlar üçün ən yaxşı günlər bazar ertəsi, çərşənbə və cümə axşamı günlərdir, bazar günü paylaşımlar üçün ən pis gün hesab edilir. Ümumilikdə isə paylaşım üçün ən uyğun və ən yaxşı vaxt şənbə günü saat 17:00 hesab olunur. Çərşənbə günü bu sosial şəbəkədə paylaşımlarında yüksək səviyyədə “engagement” olur.

“Facebook”da post paylaşmaq üçün ən yaxşı vaxt 13:00-16:00 arası hesab olunur. Bu sosial şəbəkəyə ən çox kompüterlə giriş edilir. Araşdırmalara görə, işçilər işin ən az olduğu vaxtlarında bura daxil olurlar. Burada paylaşım üçün ən yaxşı vaxt şənbə günü saat 15:00 hesab edilir. “Facebook”da paylaşımlar üçün ən yaxşı günlər cümə axşamı, cümə, şənbə və bazar günlərdir, çərşənbə axşamı paylaşımlar üçün ən pis gün hesab edilir. Həftə sonları paylaşımlarında isə yüksək səviyyədə “engagement” olur.

Professional sosial paylaşım platforması “LinkedIn”də paylaşım üçün ən yaxşı saatlar 10:00-11:00 aralığındadır. Bu sosial şəbəkədən ən çox professional iş adamları istifadə etdiyinə görə iş vaxtları çox az insan buraya giriş edir. Çərşənbə axşamı, çərşənbə və cümə axşamı paylaşımlar üçün ən yaxşı günlər hesab edilir. Həftəsonları və iş saatları paylaşımlar üçün ən pis vaxtlardır.

“Twitter”də paylaşımlar üçün ən uyğun saat 12:00-13:00 aralığıdır. İş günləri paylaşımlarda yüksək “engagement” əldə olunur. Şənbə və bazar ən pis gün, həftə içi 5 gün (xüsusilə çərşənbə günü) qeyd edilən saatlarda isə ən yaxşı vaxtlardır.

Aparıcı sosial şəbəkələr siyahısında öz yerini alan “Pinterest”də paylaşım üçün ən uyğun saatlar 20:00-23:00 arasıdır. Şənbə və bazar günü paylaşımlar üçün ən uğurlu gün hesab olunur.

Youtube platformasında isə video paylaşmaq üçün ən yaxşı saatlar 12:00-16:00 aralığıdır. Cümə axşamı və cümə günləri paylaşımlar üçün ən uğurlu günlərdir. İstifadəçilər videoları ən çox şənbə və bazar günləri saat 09:00-11:00 aralığı izləyirlər.

Ümumən qeyd etmək lazımdır ki, çərşənbə günü sosial şəbəkə paylaşımları üçün ən ideal vaxtdır.

QEYD: Göstərilən vaxtlar ölkəmiz üçün uyğun olmaya bilər.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269