PR

Azərbaycanda yeni xidmət - “E-bank”
01 İYUL
360

Azərbaycanda yeni xidmət - “E-bank”

2016-07-01 11:49:00

“Azər-Türk Bank” müştərilərinə daha bir yenilik təqdim edib. Bankdan fins.az-a verilən xəbərə görə, korporativ müştərilərə müasir və təhlükəsiz internet bankçılıq xidməti göstərmək məqsədi ilə “E-bank” xidməti yaradılıb.

Bank bu xidmət vasitəsilə müştərilərinə maliyyə əməliyyatlarını sürətli və daha təhlükəsiz şəkildə həyata keçirmək imkanını yaradır.

”E-bank” məhsulu “Asan İmza” mobil elektron imza ilə inteqrasiya olunmuş internet bankçılıq proqramıdır.

“Asan İmza” mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və elektron imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. Bu texnologiyanın üstün cəhətlərindən biri smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. İstifadə üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə “Azər-Türk Bank” daxil olma və təsdiqləmə üsulu yalnız “Asan İmza” olan İnternet Bank xidmətini tətbiq edir. Belə ki, sistemdən istifadə zamanı digər ənənəvi giriş üsullarına (istifadəçi adı, şifrə və s.) və müştəri tərəfindən əlavə eyniləşdirmə məlumatlarının daxil edilməsinə ehtiyac olmur.

“E-bank” xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı məsafəli şəkildə nəzərdən keçirə, idarə edə bilər.

Bununla yanaşı, şirkət əməkdaşlarının Banka gəlmələrinə ehtiyac olmadığı üçün iş vaxtlarının daha səmərəli istifadə etmələrinə imkan yaranacaq. Xidmətin növbəti üstünlüyü ondan ibarətdir ki, istifadə üçün xüsusi avadanlıq və ya proqram təminatına ehtiyac olmadan, standart internet brauzerindən istifadə etməklə yararlanmaq mümkündür. “Oracle FLEXCUBE Direct Banking” modulu əsasında qurulmuş xidmətin tətbiqi Ukraynanın “Datas Technology” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275