XƏBƏRLƏR

İnfarkt və insult riskini müəyyənləşdirmək mümkün olacaq
23 AVQUST
100

İnfarkt və insult riskini müəyyənləşdirmək mümkün olacaq

2017-08-23 10:15:00

Avropada təxminən 60 milyon ikinci tip diabet xəstəsi var. Həmin xəstəlik böyrək çatışmazlığından görmə itkisinə qədər əhəmiyyətli sağlamlıq problemlərinə səbəb olur. Diabetin ikinci növü orqanizmin sağlamlığı üçün kifayət qədər insulin istehsal edə bilməməsi və hüceyrələrin insulinə müqavimət göstərməsi nəticəsində meydana gəlir. Bu zaman xəstələr ürək-damar xəstəlikləri, infarkt, insult və erkən ölüm riski ilə üz-üzə qalırlar.

Lakin alimlərin yeni araşdırmasına görə, ikinci tip diabet xəstələrində infarkt və insult riskini yeni üsulla müəyyənləşdirmək mümkün olacaq.

Fins.az xəbər verir ki, isveçli elm adamları qandakı “kopeptin” adlı molekul səviyyəsini öyrənməklə şəkərli diabetin ikinci tipindən əziyyət çəkən xəstələrin infarkt və insult keçirmək riskini müəyyən etməyin mümkünlüyünü bildiriblər.

Molekul tibdə “vasopressin” adlanan hormonun bir hissəsidir. Hormonun vəzifəsi orqanizmdə su və duz saxlanılmasını balanslaşdırmaqdır. “Vasopressin” qaraciyərdə şəkər metabolizmini və mədəaltı vəzidə hormon problemlərini tənzimləyir.

Alimlər iddialarını sübut etmək üçün 681 xəstə üzərində araşdırma aparıblar. Onların qanındakı “kopeptin”in miqdarı ölçülüb və pasiyentlər 7 il ərzində izlənilib. Bu müddət ərzində ölümlər, infarkt və ya insultla əlaqədar xəstəxanaya yerləşdirilmə dərəcələri qeydiyyata alınıb. Nəticədə, qanda “kopeptin” molekulunun səviyyəsinin hər pikomol/litr yüksəlməsinin ürək xəstəlikləri və insult riskini 2 dəfədən çox artırdığı məlum olub.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293