NƏQLİYYAT

Bayram günlərində nəqliyyat necə işləyəcək?
27 DEKABR 2018
245

Bayram günlərində nəqliyyat necə işləyəcək?

2018-12-27 11:10:00

Artıq bir ili də yola salmağa hazırlaşırıq. Hər kəs çalışır ki, evinə, doğmalarının yanına rahat şəkildə gedə bilsin.

Bəs, dövlət qurumları bayram günlərində necə işləyəcək?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirova  bildirib ki, bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolu xidmətindən istifadəyə üstünlük verirlər:

“QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli Günü və yeni təqvim ili – 2019-cu il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.  Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir”.

Sevinc Qədirova bildirib ki, bayram günləri tarixlərinə (27, 28, 29 və 30 dekabr tarixlərinə) ölkədaxili hərəkət edəcək sərnişin qatarlarına kassalarda biletlər var:

“Eyni zamanda, həmin tarixlərdə Bakı-Tbilisi sərnişin qatarının kupe və SV tipli vaqonlarına biletlər satılıb qurtarsa da, plaskart tipli vaqonlara (30 dekabr tarixinə kupe yerlərə də) biletlər var. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir”.

Öz növbəsində “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov da metronun bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəyini qeyd edib:

“Metro istirahət və bayram günləri qrafiki ilə işləyəcək. Amma ehtiyat tədbirlər planı da var. Zərurət yaranacağı təqdirdə xəttə əlavə qatarlar buraxıla bilər. Dekabrın 31-dən yanvarın 1-nə keçən zaman “Bakı Metropoliteni” gecə saat 02:00-a kimi işləyəcək”.

© OXu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264