NƏQLİYYAT

Binəqədidə daha iki küçədə təmir-tikinti işləri bitir
06 FEVRAL
167

Binəqədidə daha iki küçədə təmir-tikinti işləri bitir

2018-02-06 15:56:00

Binəqədi rayonunda daha iki küçədə təmir-tikinti işləri bitir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.

Bu çərçivədə Binəqədi rayonunda uzun illər istismar olunan və hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha iki küçədə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Söhbət uzunluğu 945 metr olan Məsud Davudoğlu və 1,9 kilometr uzunluğa malik Abay Kunanbayev küçələrindən gedir.

Hər iki küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, mövcud kommunikasiya xətləri (su, kanalizasiya, qaz, rabitə, elektrik) bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Aidiyyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Aparılan yenidənqurma işləri zamanı Məsud Davudoğlu küçəsinin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilir, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min poqonmetr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 2 yerdə “cib”li dayanacaq hissələr yaradılıb.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçün 70 ədəd yeni baxış qapaqları qoyulur.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 10 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənilir.

Abay Kunanbayev küçəsində də yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılıb. Küçə 1,3 kilometrlik hissədə 9 metrdən 12 metrə, 0,6 kilometrlik hissədə isə 7 metrdən 14 metrə qədər genişləndirilib.

Təmir-tikinti işləri zamanı yararsız qruntun qazılaraq çıxarılması, yararlı qrunt tökülərək kipləşdirilməsi, yeni əsasın inşası, vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 metr enində yeni piyada səkilərinin qurulması, mövcudlarının isə bərpa olunması işləri aparılıb. Yol boyu piyada səkilərinin kənarlarına 3600 poqonmetr yeni səki daşları düzülüb.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 22 min kvadratmetrdən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, 12 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçün isə 26 ədəd yeni baxış qapaqları qoyulub.

Hər iki küçədə işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir-tikinti işləri artıq son mərhələdədir. Yaxın günlərdə hərəkətin normal təşkili üçün küçələr boyu yeni yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276