NƏQLİYYAT

Bakı metrosunda "kafi" qiymətli yol qalmadı – HESABAT
20 İYUN
393

Bakı metrosunda "kafi" qiymətli yol qalmadı – HESABAT

2017-06-20 14:20:00

Bakı metrosunda dəmir yollarının texniki cəhətdən ən yüksək standartlara cavab verməsi, təhlükəsizliyin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində daha bir nailiyyət əldə olunub.

"Bakı Metropoliteni" QSC-dən Fins.az-a verilən məlumata görə, metropoliten tarixində ilk dəfə texniki istismar qaydalarına uyğun qiymətləndirmə nəticəsində "kafi" qiymətli yollar daha qalmayıb.

2015-ci ilin aprel ayında istismara verilmiş metropoliten infrastrukturunun çoxfunksiyalı müasir diaqnostika kompleksinin həmin ilin may ayında qeydə aldığı göstəricilərinə görə, yeraltı dəmir yolların cəmi 430 m "əla", 372 m "yaxşı", 21,5 km "kafi" idisə, bu gün vəziyyət tam fərqlidir.
Bu ilin may ayının 20-də diaqnostika kompleksinin qeydə aldığı göstəricilərə görə, "Bakı Metropoliteni"nin 72 kilometrdən bir qədər artıq yollarının 62,720 metri "əla", 5,105 metri "yaxşı" qiymətə layiq bilinib. Qeyd edək ki, yolun müəyyən sahəsinin keyfiyyəti həmin sahədə aşkar edilən kənarlaşmaların (normaya uyğun olmayan halların) sayının yolun uzunluğuna olan nisbəti ilə müəyyən edilir. Bu nisbət nə qədər kiçik olarsa, yolun vəziyyəti bir o qədər yüksək qiymətləndirilir.

Xatırladaq ki, metropolitenin yol təsərrüfatının işçiləri "qeyri-kafi" yolun sonuncu metrini 2016-cı ilin iyun ayında ləğv ediblər.

Bildiyiniz kimi, hərəkətin rahatlığı və xüsusən də təhlükəsizliyi hər bir nəqliyyatda yolun vəziyyətindən asılıdır. Dəmir yolları texniki göstəricilərinə görə daha mürəkkəb və çox parametrlidirlər. Hərəkət vahidlərinin təzyiqi, ətraf mühitin və atmosfer hadisələrinin təsiri nəticəsində yolun metrik ölçülərində normalardan yayınma hallarının ehtimalı böyükdür. Buna görə dəmir yolları mütəmadi ciddi nəzarət tələb edir. Bu nəzarəti həyata keçirmək üçün bu gün metropolitenin yol təsərrüfatı işçiləri geniş və ildən-ilə yenilənən texniki vasitələrə malikdirlər. Bu imkanlardan rasional şəkildə istifadə yolun keyfiyyət göstəricilərini yüksək səviyyədə saxlayır.

Ümumiyyətlə, "Bakı Metropoliteni" QSC yarandığı ilk dövrlərdə istehsalın bütün sahələrində texniki yeniliklərə geniş qapılar açılarkən hərəkətin təhlükəsizliyi ilə bağlı məsələlər ön plana çəkilib. Yolların vəziyyəti, diaqnostik əməliyyatların dəqiqliyi, görülən tədbirlərin əhəmiyyəti ilə bağlı məqamlar geniş şəkildə təhlil edilərək təhlükəsizlik üçün əhəmiyyətli olan diaqnostika və metroloji təminat sahəsi ən müasir səviyyəyə çatdırılıb. Bakı metropolitenində istifadəyə verilmiş diaqnostika kompleksi isə öz sahəsi üzrə dünyada ən unikal vasitələrdən biridir. Müasir avadanlıqlarla təchiz olunmuş diaqnostika kompleksi digər infrastruktur məsələləri ilə yanaşı, yoldakı nöqsanları, zəif yerlərin koordinatlarını dəqiqliklə təyin edir, ölçmələri böyük həssaslıqla aparır və yol işçilərinin əməyini xeyli asanlaşdırır. İndi onlar yoldakı nasazlığın konkret ünvanını, onların aradan qaldırılması üsullarını əvvəlcədən təyin edə bilirlər. Diaqnostika kompleksi həmçinin qeydə alınan qüsurların mənbəyinin öyrənilərək təhlil edilməsində və ən doğru qərarların verilməsində geniş imkanlara yol açıb. Bütün bunlar yolların yeniləşdirilməsi prosesini sürətləndirib. Nəticədə cəmi iki il ərzində yolların təhlükəsizliyi və etibarlılığı ən yüksək həddə çatdırılıb.

Bundan savayı, yararsız rels və şpalların, yolun üst quruluşu elementlərinin daha keyfiyyətli analoqları ilə əvəz edilməsi, alınan materialların keyfiyyətinə ciddi nəzarət, eləcə də tələbkarlıq öz sözünü deyib. Məhz bu yanaşma ilə Bakı metrosunda artıq "kafi" qiymətli yol qalmayıb və istismar zamanı yaranan bütün məsələlər operativ qaydada həll edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287