NƏQLİYYAT

Füzuli meydanının ətrafında - İŞLƏR BAŞLANIB
15 NOYABR
890

Füzuli meydanının ətrafında - İŞLƏR BAŞLANIB

2016-11-15 11:14:00

Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin 26 hektarında, Füzuli meydanından Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yollar genişləndirilir, inşaat və abadlıq işləri aparılır. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

“Azəravtoyol” ASC-dən Fins.az-averilən məlumata görə, məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasıdır.  

Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6,1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nərimanov prospektində aparılır. 

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradıb. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilir, həm də geniş piyada səkiləri inşa edilir. 

Yenidən qurulan Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılıb. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edir. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa edilir.

Hazırda yol yatağının genişləndirilməsi və tikintisi işlərinin aparıldığı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1 825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Yolun hərəkət hissəsinin eni 7-15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndirilir. Küçənin 2-4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2 165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospektin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən 2-5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 - 17,5 metrə çatdırılacaq. Bunun üçün hazırda prospektin genişləndirilməsi istiqamətində işlər aparılır. Qeyd edək ki, hər iki tərəfində 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 - 23,5 metr təşkil edəcək.

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev küçəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edib. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılır. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq. 

Yenidən qurulan küçələrdə mühəndis-kommunikasiya xətləri (su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə) dəyişdirilərək müasir tələblər səviyyəsində qurulur. 

Layihə çərçivəsində 3 laydan ibarət 25 sm qalınlığında asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton qarışığı, 34,5 min kubmetr optimal qırmadaş qarışığı, 13 min metrədək səki daşları və 24,4 min kvadratmetr səki hissəsində isə bəzək daşları istifadə ediləcək. Yenidən qurulan küçələrdə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyinin istifadə ediləcək.

Bundan başqa, ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumat verici lövhələrin quraşdırılması, habelə yol-cizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275