NƏQLİYYAT

Sürücülərlə bağlı – REYD KEÇİRİLİR
11 NOYABR
387

Sürücülərlə bağlı – REYD KEÇİRİLİR

2016-11-11 10:18:00

Bakı Nəqliyyat Agentliyi (BNA) müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanları quraşdırılmasına qarşı reydlərə başlayıb. Bu barədə agentlikdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, BNA paytaxt yollarında nəqliyyat axınının tənzimlənməsi və yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərini davam etdirir. Küçə və prospektlərdə müasir və qabaqcıl təcrübəyə əsaslanan yol nişanları, texniki nizamlanma vasitələri quraşdırılır. Lakin hələ də Bakı şəhərinin inzibati ərazisinə aid yollarda BNA-nın icazəsi olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması hallarına rast gəlinir.

Ticarət, ictimai iaşə və xidmət obyektlərinin qarşısında parklanmanın təşkili, məlumatların çatdırılması və digər məqsədlərlə müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması nəqliyyat sıxlığının yaranmasına səbəb olmaqla yanaşı, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə imkan vermir.

Qeyd edək ki, bu kimi problemlərin aradan qaldırılması məqsədi ilə Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilib, müvafiq icazə olmadan quraşdırılmış yol nişanları çıxarılır, yaxud da obyektlərin sahiblərinə bu barədə aidiyyəti üzrə xəbərdarlıq edilir.

İnzibati Xətalar Məcəlləsinin 350-ci bəndinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə, fiziki şəxslər otuz manatdan əlli manatadək, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğlərdə cərimə edilirlər. Bundan əlavə, həmin məcəllənin 354-cü bəndinə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə, fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər isə üç min manatdan dörd min manatadək məbləğlərdə cərimə edilirlər.

BNA vətəndaşlardan xahiş edir ki, bu cür hallarla qarşılaşdıqları təqdirdə “ALO 141” Qaynar xəttinə müraciət etsinlər.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275