NƏQLİYYAT

Şimal-qərb bölgəsində yeni yol inşa edilir
28 SENTYABR
243

Şimal-qərb bölgəsində yeni yol inşa edilir

2016-09-28 15:33:00

Şəki rayonunun Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən işlər davam etdirilir.

Sözügedən avtomobil yolunun uzunluğu 17.2 km-dir.

Yol torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Hazırda bu problemin aradan qaldırlması istiqamətində texnoloji ardıcıllığa riayət olunmaqla işlər aparılır.

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 11.1 km-i  3-cü, 2.1 km-i  4-cü və 4 km-i isə 5-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun III texniki dərəcəyə aid olan 11.1 km-nin gediş-gəliş hissəsi 7 m, çiyinlər bərkidici zolaq da daxil olmaqla hər bir istiqamət üzrə 2.5 m,  IV dərəcəli 2.1 km-nin gediş-gəliş hissəsinin eni 6 m , çiyinləri 2 m, V dərəcəyə aid 4 km-nin gediş-gəliş hissəsinin eni 4.5 m, çiyinləri isə 1.75 m təşkil edir. Müvafiq olaraq yol yatağının eni 12, 10 və 8 metrdir.

Artıq yolun 10.5 km hissəsinə asfalt-beton örtük döşənib, su ötürücü dəmir-beton və metal borular quraşdırılıb və 140 paqon-metr uzunluğunda beton su arxı salınıb. Hazırda yolun 6,7 km hissəsində tikinti işləri davam etdirilir.

Yol boyu 4 yerdə diametri 1 və 1.25 m olan 12 metrlik dəmir-beton borulardan istifadə edilərək quraşdırılıb. Ümumi uzunluğu 96 metr, diametri isə 0,50 metr olan metal borular isə yolda əsasən kommunikasiya xətlərini keçirmək və kiçik su axarlarını buraxmaq üçün qoyulub. Onların ümumi uzunluğu 384 m-dir.

Layihə çərçivəsində yolun 11.1 km-də hər aşırımın uzunluğu 48 m olan 3 aşırımlı körpü inşa edilib. Körpünün uzunluğu 169 m, eni 4.5 m, gediş-gəliş hissəsinin eni 3.5 m-dir. Körpünün kənar və orta dayaqları asfalt-betonla bərkidilib, aşırımlar isə metal konstruksiyadan ibarətdir.

Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 14.5 km hissəsində 3 ədəd düzbucaqlı dəmir-beton suötürücüsünün inşa edilməsi də nəzərdə tutulub.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi 18 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272