NƏQLİYYAT

Biləsuvarda bu yolun tikintisi başa çatdı – AÇIQLAMA
25 AVQUST
275

Biləsuvarda bu yolun tikintisi başa çatdı – AÇIQLAMA

2016-08-25 12:21:00

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi yekunlaşıb. "Azəravtoyol" ASC-dən fins.az-a verilən xəbərə görə, yolun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib. Bildirilib ki, sözügedən yolun hərəkət hissəsinin eni 9 m, hərəkət zolaqlarının eni 3,75 m, çiyinlərin eni 3 m, torpaq yatağının eni isə 15 m-dir. Yolda eninə maillik hərəkət hissəsində 2%, çiyinlərdə isə 4%-dir.

Layihəyə uyğun olaraq, yolun 1,68 km-də Balhari çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa 7 yerdə ümumi uzunluğu 170 m olan dairəvi boru, 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə 18 780 m uzunluğunda yol cizgi və yol göstərici xətləri çəkilib, zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları quraşdırılıb, həmçinin tikinti sahəsinə düşən 376 m qaz və su borusunun köçürülməsi işləri aparılıb. Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisində məqsəd M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir. Eyni zamanda sözügedən yol vasitəsi ilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin ediləcək. Qeyd edək ki, bundan öncə bu yaşayış məntəqələrinə avtonəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsi ilə təşkil olunurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272