NƏQLİYYAT

Prezident "Sovetski"dəki işlərə - 5 MİLYON MANAT AYIRDI
04 AVQUST
365

Prezident "Sovetski"dəki işlərə - 5 MİLYON MANAT AYIRDI

2016-08-04 18:23:00

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu işlər sırasında, hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində son illər xüsusilə nəzərəçarpan addımlar atılıb. Belə ki, 2014-cü ildə prospektin Səməd Vurğun küçəsi ilə Füzuli meydanı arasında olan hissəsinin çəkilməsi, prospekt boyunca Mərkəzi Parkın salınması və ətraf yolların genişləndirilməsi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Hazırda Yasamal rayonunun 26 hektar sahəni əhatə edən ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün satın alınması işləri yekunlaşıb və Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin davam etdirilməsi, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

Sərəncam Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi, əhalinin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri davam etdirmək məqsədilə imzalanıb.

Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275