NƏQLİYYAT

Tranzit yükaşırmanın payı artıb
21 İYUL
133

Tranzit yükaşırmanın payı artıb

2016-07-21 16:55:00

2016-cı ilin ilk yarısında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub. Ən böyük artım iri həcmli TIRlarda, o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb.

Fins.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 4 dəfə artıb. Yüklərin son ünvanı əksər hallarda Qazaxıstan və Türkmənistan olub.

Son altı ayda Bakı Limanı vasitəsilə 10,422 ədəd iri həcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,758 ədəd çoxdur. Bunların 5,492 ədədi (52.7%) Bakı-Aktau-Bakı istiqamətində, 4,930 ədədi (47.3%)  isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. 

2015-ci ilin ilk altı ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 97 faiz artaraq 8,887 TEU təşkil etmişdir. Neft və neft məhsullarının aşırılması isə 79 faiz artaraq 810,000 ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 1.6 faiz artaraq 16,108 ədədə yüksəlib. Bunlardan 3,277 vaqon (20.3%) Bakı-Aktau-Bakı istiqamətində, 12,831 (79.9%) vaqon isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişin daşınma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə  artaraq 9,605 nəfərə çatıb. 

Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 36.2 faiz artıb. Ümumi yükaşırmanın 85.3 faizi tranzit yükaşırmanın payına düşüb.Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 17.4 faiz çoxalıb. 

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ilin son altı ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 26.5 faiz artaraq 267,600 ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərinin və tikinti malları idxalının payına düşüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272