MÜSAHİBƏ

“Manatla kreditlərin verilməsi üçün uzunmüddətli manat resurslarına çıxış olmalıdır – MÜSAHİBƏ
21 İYUL
443

“Manatla kreditlərin verilməsi üçün uzunmüddətli manat resurslarına çıxış olmalıdır – MÜSAHİBƏ

2016-07-21 12:51:00

Fins.az AccessBank-ın İdarə Heyətinin Sədr müavini Şakir Rəhimovun müsahibəsini oxuculara təqdim edir. 

- Şakir müəllim, ilk öncə ümumilikdə Azərbaycanın bank sektoru haqqında söhbət etmək istərdik. Hazırki iqtisadi şəraitdə bank sektorundakı vəziyyəti necə qiymətləndirirsiniz? 

- Ümumilikdə, mən Azərbaycanın bank sektorundakı vəziyyəti heç də asan olmayan kimi xarakterizə edərdim. Nəzərə alsaq ki, banklar ölkə iqtisadiyyatına sıx inteqrasiya olunmuş bazar iştirakçılarıdır, eləcə də, xarici mühitdə baş verən dəyişikliklərə daha çox həssasdırlar, 2015-2016-cı illərdə baş verən əlverişsiz proseslər və makroiqtisadi göstəricilərin pisləşməsi bank sektoruna kifayət qədər mənfi təsir göstərmişdir. Bu proseslər hamıya yaxşı məlumdur. Belə ki, xarici proseslərdən neftin qiymətinin enməsini, qonşu ölkələrin valyutalarının dəyərdən düşməsini və vətəndaşlarımızın digər ölkələrdən pul köçürmələrinin azalmasını, daxilili proseslərdən isə manatın devalvasiyasını, iqtisadiyyatın dollarlaşması və ölkənin ÜDM-in artım templərinin azalmasını qeyd etmək olar. Buna iqtisadi yüksəliş dövründə bəzi banklarda aktivlərin aqressiv artımı prosesi zamanı zəif risk idarəetməsi səbəbindən yaranan problemləri də əlavə etsək, bank sektorunda vaxtı keçmiş kreditlərin əhəmiyyətli dərəcədə artması, likvidlik problemləri və zərərlərlə müşayət olunan həmin çətin vəziyyəti görmüş olarıq.

- Sizin fikrinizcə bank sektorundakı vəziyyətin sabitləşməsi üçün hansı tədbirlərin görülməsi zəruridir? 

- Bank sektorundakı vəziyyətin sabitləşməsi üçün zəruri tədbirləri iki istiqamətə bölmək olar: dövlət tərəfindən görülən tədbirlər və bankların özləri tərəfindən həyata keçirilənlər.

Dövlət maliyyə bazarındakı vəziyyəti sabitləşdirmək üçün artıq bir sıra zəruri addımlar atmışdır. Əsas addımlardan biri olaraq əhalinin əmanətlərinin tam sığortalanmasını  qeyd etmək istərdim ki, bu, banklardan əmanət axınının qarşısını dərhal almışdır. Amma nəzərə alsaq ki, əmanətlər əsasən dollar valyutasında saxlanılır, dollar valyutasında olan kreditlərə zəif tələb şəraitində bankların bu vəsaitləri yerləşdirməsi çox çətinləşmişdir. Yekun nəticədə bu, bankların özlərinin əsas fəaliyyətindən – sahibkarların və əhalinin kreditləşdirilməsi fəaliyyətindən kənarda qalmasına gətirib çıxarır. Buna görə bankların müştərilərə kreditlər təqdim edə bilməsi üçün uzunmüddətli manat resurslarına çıxış imkanının olması zəruridir. Təbii ki, bu halda həmin vəsaitlərin banklar tərəfindən yerləşdirilməsinin səmərəliliyini təmin edən bir mexanizm işlənib hazırlanmalıdır.  

Mən həmçinin, banklara borcalanlar üzrə riskləri daha yaxşı qiymətləndirməyə və böhran vaxtı bankın əsas xərc kateqoriyalarından olan risk marjasının azaldılmasına imkan verə biləcək kredit bürosunun yaradlmasının vacibliyini qeyd etmək istərdim.

Bankların özlərinin görə biləcəyi tədbirlərə gəldikdə isə, ilk növbədə mümkün qədər tez bir zamanda öz zərərlərini tanımalı və yeni reallığa əsaslanan strategiya hazırlamalıdırlar. Həm beynəlxalq təcrübə, həm də ölkəmizin təcrübəsi onu göstərir ki, bankların öz zərərlərini ehtimal etdikləri gələcək gəlirlər hesabına kompensasiya edəcəklərinə ümid edərək, vaxtında tanımaq istəməməsi gələcəkdə daha böyük zərərlərə gətirib çıxarır.

Digər tərəfdən isə banklar öz aralarında mümkün qədər sıx iş birliyi qurmağa, təcrübə və informasiya mübadiləsi aparmağa çalışmalıdırlar. İqtisadiyyatda "oyun nəzəriyyəsi" adlanan bir anlayış mövcuddur. Bu nəzəriyyəyə görə, əgər oyunçular bir-birinə qarşı müqavimət göstərmək əvəzinə sağlam rəqabət apararaq qarşılıqlı iş birliyində olurlarsa, o zaman bundan daha çox faydalanırlar. Xüsusilə də, böhran zamanı bu daha çox vacibdir, çünki bir bankda yaranan problem bütün bank sektoruna qarşı inamsızlığa gətirib çıxara bilər. Təqdirəlayiq haldır ki, son vaxtlar banklar bir-biriləri ilə daha yaxşı əməkdaşlıq etməyə başlamış və Banklar Assosiasiyası isə bank sektorunda daha fəal rol oynamağa başlamışdır. 

- Zərərlərdən danışarkən, qeyd etmək lazımdır ki, banklar problemlərlə üzləşdikdə tənzimləyicinin dəstəyi çox vacibdir. Maliyyə Bazarlarına Nəzarət Palatası elan etmişdir ki, hər bir bank üçün maliyyə sabitliyinin gücləndirilməsi üçün fərdi proqram hazırlayır. AccessBank üçün də müvafiq proqram hazırlanırmı?

- Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun diaqnostikasını aparmaqdadır. Biz buna çox müsbət baxırıq, belə ki, bu vəziyyətdə tənzimləyicinin hər banka fərdi yanaşması çox vacibdir, çünki hər bankın özünəməxsus problemlərinin olması fərqli qərarların qəbul edilməsini zəruri edir.

AccessBank-da da qeyd olunmuş diaqnostika aparılmışdır. Bu diaqnostikanın nəticələri göstərmişdir ki, bank yaxşı likvidlik səviyyəsinə və kapital adekvatlılığına malikdir. Eyni zamanda, xarici mühitdəki dəyişikliklərə qarşı güclü dayanıqlılığı təmin etmək üçün əlavə addımlar atmaq istiqamətində bizə tövsiyələr olunmuşdur. Qeyd etmək istərdim ki, tənzimləyicinin bütün tövsiyələri bankın təsisçiləri tərəfindən dəstəklənmişdir. Ümumilikdə qeyd edə bilərəm ki, biz həm Palata, həm də Mərkəzi Bankla bütün məsələlər üzrə səmərəli əməkdaşlıq edirik.  

- Bəs Bank öz səhmdarlarından hansı dəstəyi alır?

- Biz təsisçilərin dəstəyini bütün səviyyələrdə hiss edirik. Misal olaraq AccessBank bu yaxınlarda Qara Dəniz Ticarət və İnkişaf Bankından 17 mln. dollar məbləğində vəsait cəlb etmişdir və Avropa İnvestisiya Bankından 20 mln. avro məbləğində vəsait cəlb etməyi planlaşdırır. Həmçinin ötən il, Beynəlxalq Maliyyə Korporasiyası bankımıza 25 milyon dollar məbləğində subordinasiya krediti vermişdir. Qeyd etdiyim maliyyə institutlarının hamısı bizim təsisçilərimizdir və fikrimcə bu, səhmdarlarımızın bizi dəstəklədiyini açıq-aşkar nümayiş etdirir.

- Banklar ölkədə biznesin inkişaf etməsində və müvafiq olaraq iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Sizcə bu gün hansı sahibkarlıq sahələrinin dəstəklənməsi məqsədəuyğun olardı?

- Hazırda daxili istehsalın dəstəklənməsi çox vacibdir. Lakin bununla belə biz hər şeyi özümüz istehsal edə bilməyəcəyimizi və idxal yönümlü biznesin də zəruri olduğunu nəzərə almalıyıq. Mən daxili istehsalatı məhz həmin idxalçılarla təşkil etməyin ən yaxşı variant olduğuna əminəm, çünki onlar sahibkarlıq təcrübəsinə və lazımi bacarıqlara malikdilər. Düşünürəm ki, elə onlar ölkənin "sahibkarlıq kapitalını" təşkil edirlər. Banklar idxalın əvəzləməsinə yönələn daxili istehsalatın inkişaf etdirilməsi üçün müsbət kredit tarixçəsinə malik olan biznes subyektlərinə kredit verməklə məhz burada mühüm rol oyanamalıdırlar. Hal-hazırda daxili istehsalatla məşğul olan müəssisələrin kreditləşməsi bizim bank üçün də prioritetdir belə ki, bizim kredit portfelimizin 90%-i mikro, kiçik və orta sahibkarlara, əsasən də regionlara verilən kreditlərdən ibarətdir. 

- Gələcək inkişafa dair bankın hansı planları vardır? İndiki iqtisadi şəraitdə bank öz inkişaf strategiyasına düzəlişlər etməyə ehtiyac görürmü?

- Hal-hazırda biz bankın məhsul və proseslərinin optimallaşdırılması və inkişafı üzrə strategiya hazırlamaqdayıq. Biz onları bazarda baş verən dəyişikliklərə daha çox uyğunlaşdırmaq və eyni zamanda nağdsız hesablaşmalar və e-bankinq sahəsində yaranan imkanlardan yararlanmaq istəyirik. İnternet bankinqin inkişaf etdirilməsi bu strategiyanın əsas elementlərindən biridir. İnternet bankinq xidmətini biz ötən ilin oktyabr ayında istifadəyə vermişik və o müştərilər tərəfindən böyük maraqla istifadə olunur. Biz müştərilərimizin bu xidmət kanalını belə müsbət qarşıladıqlarına görə çox şadıq, bu bir daha bu sahədə böyük potensialın olmasından xəbər verir. Bu sahədə atılacaq növbəti addımımız yaxın aylar ərzində mobil bankinqin istifadəyə verilməsi olacaqdır.

Bizim kiçik və orta sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üzrə strategiyamız dəyişməz olaraq qalır, bu bizim əsas istiqamətimizdir. Həmçinin kənd təsərrüfatı ilə məşğul olan müştərilərə xidmətin göstərilməsi məqsədi ilə regionlarda fəaliyyət göstərməyimiz dəyişməz olaraq qalır.

Sonda sizi növbəti qələbə ilə təbrik etmək istərdik. Bu yaxınlarda AccessBank hər il keçirilən Euromoney mükafatının təqdimat mərasimində "Azərbaycanın ən Yaxşı Bankı" elan edilib. Sizin fikrinizcə ölkənin ən yaxşı bankını nə xarakterizə edir? AccessBank-ı sektorun digər iştirakçılarından nə fərqləndirir? 

- Hər il dünyanın 70 ölkəsində bank işi, maliyyə və investisiya sahəsində ən yaxşı nailiyyətlərə görə mükafatlar təltif edən dünyanın ən məşhur jurnallarından biri tərəfindən altıncı dəfə "Azərbaycanın ən Yaxşı Bankı" seçilmək bizim üçün çox xoş oldu. Bu mükafat həm yerli bazarda, həm də beynəlxalq maliyyə içtimaiyyəti səviyyəsində Bankın yüksək reputasiyaya malik olduğunu təsdiq edir. 

Fikrimcə, bir bankla uzun müddət işləyən və onun xidmətindən razı olan hər bir müştəri öz bankının ən yaxşı bank olduğunu düşünür. Buna görə də daimi müştərilərimizin fikrinə əsaslanaraq məhz operativ xidmət, fərdi yanaşma və rahat filial şəbəkəsinə görə ən yaxşı bank hesab edildiyimizi söyləmək daha ədalətli olardı. Bütün bunların arxasında isə bizim əsas rəqabət üstünlüyümüz olan və bankın gələcəyinə qoyulan əsas sərmayə hesab etdiyimiz əməkdaşlarımızın gərgin əməyi durur.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275